İQTİSADİYYAT
Azərbaycanın birbaşa xarici dövlət borcu 8,1 milyard dollardır
Bakı, 19 fevral, AZƏRTAC
Yanvarın 1-nə müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində Azərbaycanın birbaşa xarici dövlət borcu 8 milyard 100,4 milyon ABŞ dolları və ya 2020-ci il üzrə ümumi daxili məhsulun (ÜDM) 19 faizini, dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 721,1 milyon dollar və ya ÜDM-in 1,7 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 milyard 821,5 milyon dollar (14 milyard 996,5 milyon manat) və ya ÜDM-in 20,7 faizini təşkil edib.
Maliyyə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dövlət qiymətli kağızlardan ibarətdir.
Yanvarın 1-nə birbaşa daxili dövlət borcu 1 milyard 726 milyon manat və ya ÜDM-in 2,4 faizini, dövlət zəmanəti ilə cəlb edilmiş daxili kreditlər üzrə şərti öhdəliklər isə 216,3 milyon manat və ya ÜDM-in 0,3 faizini təşkil etməklə, daxili dövlət borcu 1 milyard 942,1 milyon manat və ya ÜDM-in 2,7 faizini təşkil edib.