ELM VƏ TƏHSİL
Azərbaycanın cənub-şərq bölgəsində oturaq quşların biotoplar üzrə paylanması öyrənilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun quru onurğalıları laboratoriyasının elmi işçisi Sevinc Rəcəbova ölkəmizin cənub-şərq bölgəsində ekspedisiyada olub.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, ekspedisiyanın məqsədi Azərbaycanın cənub-şərq bölgəsinin oturaq quşları, onlara təsir edən amillər və mühafizə yollarını öyrənmək olub. Ekspedisiya zamanı Xəzərin Lənkəran-Astara sahil zolağı tədqiq edilib. Lənkəran ovalığında və Xəzərin akvatoriyasında aparılan tədqiqat işləri zamanı oturaq quşların növ tərkibi, sayı, biotoplar üzrə paylanması öyrənilib. Həmçinin quşların yaşayış yerlərinin müasir vəziyyətinə, davranışına dair məlumatlar toplanılıb.