MƏDƏNİYYƏT


Azərbaycanın da iştirak etdiyi Pekin botanika sərgisini 7,8 milyon nəfər ziyarət edib

Pekin, 23 sentyabr, AZƏRTAC

Çinin paytaxtında davam edən botanika sərgisini indiyədək 7,8 milyon nəfər ziyarət edib.

AZƏRTAC sərginin təşkilat komitəsinə istinadla xəbər verir ki, aprelin 29-da başlayan sərgiyə gündəlik orta hesabla 53 min nəfər baş çəkib. Çin Xalq Respublikasının yaranmasının növbəti ildönümü ilə əlaqədar oktyabrın 1-dən başlayacaq bir həftəlik bayram tətili günlərində sərgini ziyarət edənlərin sayının artacağı gözlənilir.

Qeyd edək ki, oktyabrın 7-dək davam edəcək “Təbiəti qoruyaq, daha yaxşı yaşayaq” mövzusunda sərgi 503 hektar ərazini əhatə edir.

"Təbiəti qoruyaq, daha yaxşı yaşayaq" mövzusunda keçirilən botanika sərgisində Azərbaycan milli pavilyonu Heydər Əliyev Mərkəzinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə hazırlanıb. "Azərbaycan: təbiət və incəsənətin harmoniyası" adlanan milli pavilyonun ümumi konsepsiyası ölkəmizin öz tarix və ənənələrinə sadiq qalaraq daim inkişafda olduğunu nümayiş etdirir. Pavilyonun spiralvarı forması Azərbaycanın davamlı, sabit inkişafını və dinamikliyini, eksteryerdə qoyulan nar ağacı isə ölkənin məhsuldar gələcəyini xarakterizə edir. Pavilyonun interyer dizaynı ölkəmizin adət-ənənələrini nümayiş etdirir. Azərbaycan xalçalarının timsalında incəsənət və təbiətin yaxın əlaqəsi diqqətə çatdırılır, ətraf mühitin qorunmasının vacibliyi vurğulanır. Sərgi ziyarətçiləri Azərbaycan pavilyonunda milli musiqi alətlərimizlə tanış ola, videomateriallar vasitəsilə Azərbaycan musiqisini dinləmək və milli rəqslərimizə baxmaq imkanı əldə edə bilərlər. Burada, həmçinin Azərbaycan milli geyimləri də təqdim olunur. Pavilyonda xalçalarda istifadə olunan rənglər əsasında landşaft dizaynı hazırlanıb və buna uyğun bitki çeşidləri əkilib. Burada, həmçinin Azərbaycan təbiətinə xas olan ağac və çiçəklər təqdim olunur.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.