İQTİSADİYYAT
Azərbaycanın da təmsil olunduğu “İTB Berlin 2017” beynəlxalq turizm sərgisi öz işinə başlayıb
Bakı, 9 aprel, AZƏRTAC
Almaniyanın paytaxtı Berlində “İTB Berlin 2017” beynəlxalq turizm sərgisi açılıb. Sərgidə ölkəmizi mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, sərgiyə 16 yerli turizm şirkəti və 5 mehmanxana ilə yanaşı, iyunun 23–25-də Bakı şəhərində keçiriləcək Formula-1 Azərbaycan Qran-pri yarışlarının təşkilat komitəsi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də qatılıb.
Tədbirin açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov iştirak ediblər.
Sərgidə Azərbaycanın turizm potensialını özündə birləşdirən 94 kvadratmetrlik stend quraşdırılıb. Stend sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və alman dillərində materiallarla təmin olunub.
Sərgi martın 12-dək davam edəcək.
Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri 2004-cü ildən etibarən “İTB Berlin” beynəlxalq turizm sərgisində təmsil olunur.