CƏMİYYƏT


Azərbaycanın da təsisçisi olduğu bank koronavirusla əlaqədar Çinə humanitar yardım göstərib

Pekin, 24 fevral, AZƏRTAC

Azərbaycanın da təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) koronavirus (COVID-19) epidemiyası ilə mübarizədə Çinə humanitar yardım göstərib.

Bankın Pekindəki mənzil-qərargahından AZƏRTAC-a bildiriblər ki, AİİB-in müvafiq fondundan ayrılan vəsait və qurumun işçilərinin ianələri hesabına bu məqsədlə 1 milyon ABŞ dolları toplanıb. Həmin vəsaitə 51 min tibbi maska, 46 min qoruyucu geyim, cərrahiyyə əməliyyatlarında istifadə olunan 17 min önlük, 21 min qutu tibbi əlcək və digər ləvazimatlar alınıb. Artıq 40 tonluq yardımın ilk hissəsi paytaxt Pekinə və virusun episentri olan Uxana çatıb.

AİİB bir neçə gün əvvəl məlumat yayaraq, Çin hökuməti ilə koronavirus epidemiyasına qarşı mübarizə tədbirlərinə dəstək məqsədilə fəal müzakirələr aparıldığını bəyan etmişdi.

Qeyd edək ki, 2016-cı ilin yanvarında Azərbaycan da daxil olmaqla 57 təsisçi-üzv ölkə tərəfindən yaradılan bank 100 milyard ABŞ dolları nizamnamə kapitalı ilə Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələri maliyyələşdirir. Bank fəaliyyətə başladığı vaxtdan indiyədək Azərbaycan da daxil olmaqla, 64 layihəyə, ümumilikdə, 12,24 milyard dollar kredit ayırıb. AİİB 2016-cı ilin dekabrında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinə 600 milyon dollar kredit verib.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.