CƏMİYYƏT


Azərbaycanın daxili işlər naziri İranda səfərdə olub

Tehran, 25 sentyabr, AZƏRTAC

İran İslam Respublikasının daxili işlər naziri Əbdülrza Rəhmani Fəzlinin dəvəti ilə Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 24-25-də bu ölkədə rəsmi səfərdə olub.

AZƏRTAC xəbər verir ki, səfərin ilk günü Əbdülrza Rəhmani Fəzli general-polkovnik Ramil Usubov və onu müşayiət edən şəxslərlə görüşüb.

Qonaqları səmimi salamlayan, dəvətini qəbul etdiyinə görə nümayəndə heyətinə təşəkkürü bildirən İranın daxili işlər naziri son dövrlər qarşılıqlı səfərlərin intensivləşməsinin ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin inkişafından xəbər verdiyini, hər iki ölkə prezidentlərinin xalqlarımızın mənafeyini nəzərə alaraq qarşılıqlı münasibətlərin yaxınlaşmasına nail olduqlarını vurğulayıb.

Ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin qurulmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətlərini, hələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışarkən İrana səfərini xatırladan Əbdülrza Rəhmani Fəzli məhz bu böyük şəxsiyyətin Azərbaycana ikinci dəfə rəhbərlik etdiyi dövrdə dövlətlərimiz arasındakı qarşılıqlı münasibətlərin inkişaf mərhələsinə qədəm qoyduğunu məmnunluqla diqqətə çatdırıb. Qeyd edib ki, bu gün Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə əldə olunan böyük uğurlar onları da sevindirir. Azərbaycanın təhlükəsizliyi və tərəqqisi İranın təhlükəsizliyi və inkişafı kimi qəbul olunur.

Əbdülrza Rəhmani Fəzli ölkəsində mövcud kriminogen durum, cinayətkarlıqla, o cümlədən narkotik maddələrin qaçaqmalçılığına qarşı hüquq mühafizə orqanlarının apardıqları mübarizədən danışaraq təkcə ötən il 800 ton narkotik maddənin müsadirə edildiyini, əlverişli coğrafi məkanda yerləşməsi səbəbindən İranın qaçaqmalçılar tərəfindən tranzit kimi istifadə olunduğunu, bu mübarizədə 3 mindən çox polis və sərhədçinin həlak olduğunu bildirib.

Səmimi görüşə, qonaqpərvərliyə, ətraflı məlumata və xoş sözlərə görə minnətdarlığını bildirən nazir Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini, dövlət başçılarının siyasi iradəsinin nəticəsi olaraq bu gün Azərbaycan-İran əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini, iki ölkənin münasibətlərinin səmimi dostluq və strateji tərəfdaşlıq xarakteri daşımasının xalqlarımızın və dövlətlərimizin mənafelərinə uyğun olduğunu diqqətə çatdırıb.

Bu gün regionda cərəyan edən proseslərin qarşılıqlı şəkildə transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi zərurətini meydana çıxardığını qeyd edən Ramil Usubov belə cinayətlərin, xüsusən narkotik qaçaqmalçılığına, insan və qanunsuz silah alverinə, beynəlxalq terrorçuluğa qarşı səmərəli mübarizə aparmaq üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin, informasiya mübadiləsinin artırılmasının əhəmiyyətini vurğulayıb.

Sonra nazir Ramil Usubov ölkəmizdə cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilən qətiyyətli tədbirlər, müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlər, Ermənistanın ölkəmizə hərbi təcavüzü və onun doğurduğu fəlakətli nəticələr, ulu öndər Heydər Əliyevin ali hakimiyyətə qayıdışından sonra həyata keçirilən islahatlar, onun rəhbərliyi ilə ölkəmizdə ictimai-siyasi sabitliyin, əmin-amanlığın bərpası istiqamətində hüquq-mühafizə, o cümlədən daxili işlər orqanlarının gördükləri qətiyyətli tədbirlər barədə məlumat verərək bu gün də həmin siyasətin milli mənafeyimizə uyğun olaraq uğurla davam etdirildiyini bildirib.

General-polkovnik Ramil Usubov bu günlərdə İranın Əhvaz şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatına görə həlak olanların ailələrinə başsağlığı verib, bu hadisənin Azərbaycanda da böyük kədər doğurduğunu diqqətə çatdırıb.

İki gün davam edən səfər çərçivəsində nazir Ramil Usubov İran İslam Şurası Məclisinin sədri Əli Laricani, Milli Təhlükəsizlik üzrə Ali Şuranın katibi Əli Şəmxani, Sərhəd Mühafizə Xidmətinin komandanı, general Qasem Rezayi və digər rəsmi şəxslər ilə görüşlər keçirib.

Daxili işlər naziri mütəşəkkil cinayətkarlıqla səmərəli mübarizə aparmaq üçün qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasının zərurini vurğulayıb, bu istiqamətdə polis orqanları arasında təcrübə və informasiya mübadiləsinin aparılmasının əhəmiyyətindən söz açıb.

İranın narkotik maddələrin qaçaqmalçılığına qarşı apardığı qətiyyətlə mübarizədə kifayət qədər təcrübə topladığını qeyd edən nazir Ramil Usubov Azərbaycan polisinin bu təcrübədən faydalana biləcəyini deyib, vətəndaşlarımızın gediş-gəlişlərinin artması, eləcə də turizmin inkişafı ilə əlaqədar hər iki ölkədə əmin-amanlığın, ictimai təhlükəsizliyin yüksək səviyyədə təmin olunmasında birgə səylərin bundan sonra da davam etdirilməsinin vacibliyini bildirib.

Görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov görüşlərdə iştirak edib.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.