CƏMİYYƏT
Azərbaycanın dinlərarası dialoq və əməkdaşlıq sahəsində böyük təcrübəsi var
Bakı, 14 noyabr, Maqsud Dadaşov, AZƏRTAC
Noyabrın 14-də Azərbaycan Texniki Universitetində (AzTU) Beynəlxalq Tolerantlıq Gününə həsr olunan tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri açan AzTU-nun prorektoru, professor İsa Xəlilov Beynəlxalq Tolerantlıq Gününün tarixi və mahiyyətindən söz açıb.
Prorektor vurğulayıb ki, ölkəmizdə fəaliyyət göstərən universitetlər arasında tələbə tərkibinə görə AzTU hər zaman beynəlmiləl ali təhsil ocağı olub. Məhz xalqımıza məxsus tolerantlıq dəyəri həmin tələbələrin birgə təhsil almalarına təkan verib. Ölkəmizdə mövcud ictimai sabitlik, vətəndaş həmrəyliyi, etnik və dini tolerantlıq milli siyasətin məntiqi nəticəsidir. Bu siyasət Azərbaycanın dünyada tanınmasına, milli mədəniyyətimizin təbliğinə şərait yaratmaqla yanaşı, ölkəmizin Şərq və Qərb sivilizasiyaları arasında körpü missiyasını yerinə yetirməsinə imkan verir.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, AzTU-nun istilik və soyuqluq kafedrasının müdiri, professor Astan Şahverdiyev deyib ki, multikulturalizmin Azərbaycan modeli mənfur ermənilərin xalqımıza qarşı həyata keçirdikləri antitəbliğat işlərini fiaskoya uğradıb. Azərbaycanın tarixən tolerant və multikultural ölkə kimi tanındığını deyən A.Şahverdiyev diqqətə çatdırıb ki, bu cür dəyərləri olmayan cəmiyyətdə heç vaxt tolerant münasibət ola bilməz. Tolerantlıq multikulturalizmin bərqərar olmasında ilkin prinsiplərdən biridir. Multikultural dəyərlər müasir dünyanın üz-üzə qaldığı problemlərin həllində mühüm rol oynayır.
Sonra AzTU-nun ictimai fənlər kafedrasının müəllimi Əyyub Kərimli, bu ali təhsil ocağının professoru Qabil Hüseynli, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin məsul əməkdaşı Yadigar Məmmədli bildiriblər ki, təcavüzə məruz qalmasına və işğal olunmuş ərazilərində məscidlərin ermənilər tərəfindən dağıdılmasına baxmayaraq, Azərbaycanda xristian və digər dinlərə tolerant münasibət mövcuddur. Ölkəmizdə multikulturalizm və tolerantlıq dövlət siyasəti səviyyəsinə qaldırılıb və bu, ümummilli lider Heydər Əliyevin müstəsna xidmətidir. Bu gün tolerantlığın Azərbaycan modeli dünya üçün nümunə sayılır. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə dini dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilir.
Tədbirdə məruzələrlə çıxış edən tələbələr bildiriblər ki, terror, dini və irqi ayrı-seçkiliklərin olmadığı bir ölkədə - Azərbaycanda yaşamaq çox gözəl hissdir. Xarici tələbələr ölkəmizdə çox rahat şəkildə yaşayırlar və tez bir zamanda cəmiyyətə inteqrasiya edə bilirlər. Azərbaycanda müxtəlif dinlərin nümayəndələrinin birgə yaşamaları sahəsində böyük təcrübə var. Dünyada sülhün bərqərar olmasına töhfə vermək məqsədilə bu təcrübənin digər xalqlarla paylaşılması olduqca vacibdir.