SİYASƏT


Azərbaycanın diplomatik xidmətinin 100 illiyi və Respublika Günü Varşavada qeyd edilib

Varşava, 16 may, AZƏRTAC 

Azərbaycanın diplomatik xidmətinin 100 illiyi və Respublika Günü münasibətilə Varşavada təntənəli ziyafət təşkil edilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Polşa Prezidenti Administrasiyası Senatının və Seyminin, Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının rəhbərlikləri, diplomatik korpusun nümayəndələri, Azərbaycan diasporunun üzvləri və başqa qonaqlar iştirak ediblər.

Səfir Həsən Həsənov çıxışında müasir Azərbaycanın yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində əldə etdiyi nailiyyətlər və ölkəmizin uğurla iştirak etdiyi beynəlxalq layihələr barədə qonaqlara məlumat verib. O, 1918-1920-ci illər ərzində Polşa-Azərbaycan münasibətlərində xidmətləri olmuş Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, həmçinin Polşa diplomatları İqnatsi Yan Paderevski, Stanislav Patek, Mavriki Zamoyski və Vatslav Ostrovskininin xidmətlərini qeyd edib.

Diplomat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Polşanın ölkəmizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində dəstəyinin də yüksək qiymətləndirildiyini vurğulayıb.

Səfir Azərbaycan Prezidenti İlham Əliyev və Polşa Prezidenti Andjey Duda arasında işgüzar və dostluq münasibətlərinin qarşılıqlı etimad üzərində qurulduğunu xüsusilə qeyd edib.

Polşa Xarici İşlər nazirinin müavini Piotr Vavjık də çıxış edərək Respublika Günü və Azərbaycanın diplomatik xidmətinin 100-cü ildönümü münasibəti ilə nazir Yatsek Çaputoviçin təbriklərini çatdırıb.

Çıxışların ardınca Naxçıvan muğam triosunun ifası dinlənilib.

Tədbir milli mətbəx nümunələrinin də təqdim edildiyi ziyafətlə davam edib.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.