İDMAN


Azərbaycanın dörd sərbəst güləşçisi Avropa çempionatının finalına vəsiqə qazanıb

Bakı, 17 iyun, AZƏRTAC

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, təmsilçimiz Vasif Bağırov (48 kq) təsnifat mərhələsində rumıniyalı Kristian Andrey Nequraya tam üstünlüklə (11:0) qalib gələrək qitə birinciliyinə inamla start verib. Sonra türkiyəli Burak Yalçını 8:2 hesabı ilə məğlub edən güləşçimiz yarımfinalda erməni Saşa Petrosyanı bükmə fəndi ilə üstələyərək finala vəsiqə qazanıb. Finalda onun rəqibi fransalı Rasul Qalburayev olacaq.

Komandamızın digər üzvü Camal Abbasov (55 kq) əvvəlcə yunanıstanlı Pavlos Koronidis, ispaniyalı Unay Penas Merino və italiyalı Paskual Liutsi üzərində 10:0 hesablı qələbələrə imza ataraq yarımfinala vəsiqə əldə edib. Finalın bir addımlığında erməni Artavazd Harutyunyanın kürəyini yerə sıxmaqla təmiz qələbə qazanan güləşçimiz həlledici görüşdə ukraynalı İliya Şketiklə qarşılaşacaq.

İlyas İsayev (65 kq) ilk görüşdə slovakiyalı Ferents Daniel Kovaçı, 1/8 finalda isə çexiyalı Maks Bistronu 10:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Növbəti görüşdə rumıniyalı Eduard David Lenarı (11:0), yarımfinalda isə türkiyəli Fatih Acarı (10:2) məğlub edən İ.İsayev finalda gürcü Qoqa Otinaşviliyə rəqib olub.

Yusif Dursunov (110 kq) ilk mərhələdə macarıstanlı Marsel Yuritsanı 9:1, daha sonra isə slovakiyalı David Mionu 10:0 hesabı ilə xalçadan məyus yola salıb. Yarımfinalda fransalı Levan Laqvilava üzərində 10:6 hesablı qələbə əldə edən Y.Dursunov finala adlayıb. O, həlledici görüşdə türkiyəli Taha Yakup Temellə qarşılaşacaq.

Güləşçilərimizdən Şəmistan Axundov (80 kq) isə 1/8 finalda litvalı Daniel Boyçuku (10:0), 1/4 finalda bolqarıstanlı Slavi Rumenov Stamenovu (5:4) məğlub etsə də, yarımfinalda macar Piter Şombor Jinovski ilə bacarmayıb. O, bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, medal görüşləri iyunun 18-də Bakı vaxtı ilə 19:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.