MƏDƏNİYYƏT


Azərbaycanın dostu, Özbəkistanın Xalq şairi Camal Kamal vəfat edib

Bakı, 27 sentyabr, AZƏRTAC

Özbəkistan ədəbiyyatına böyük itki üz verib. Azərbaycanın dostu, Özbəkistanın Xalq şairi Camal Kamal 85 yaşında dünyasını dəyişib.

Bu barədə AZƏRTAC-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib.

Camal Kamalın əsas xidmətlərindən biri Müqəddəs “Qurani-Kərim”i özbək dilinə tərcümə etməsidir. Tanınmış şair Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə 2015-ci ildən başlayaraq dünya ədəbiyyatının zirvəsi, Azərbaycan xalqının qüruru dahi Nizami Gəncəvinin “Xəmsə”sini özbək dilinə tərcüməsini başlamış, 2021-ci il “Nizami İli” çərçivəsində onun bu tərcümə əsəri yekunlaşmışdır. Bununla da ilk dəfə olaraq dahi Nizami Gəncəvinin bütün əsərləri özbək oxucularına öz ana dillərində təqdim edilib.

Özbəkistanın Xalq şairi Camal Kamalın bu xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. O, Azərbaycanın mədəniyyət naziri Anar Kərimovun əmri ilə "Nizami Gəncəvinin 880 illiyi” xatirə nişanı ilə təltif edilib.

Şair bir sıra Azərbaycan şairlərinin - Məhəmməd Füzuli, Xəlil Rza, Bəxtiyar Vahabzadənin əsərlərini də özbək dilinə çevirib.

Camal Kamal dünya ədəbiyyatının klassikləri Cəlaləddin Rumi, Faridəddin Əttar, Mirzə Abdulqədir Bedil, Abdürrəhman Cami, Yunus Əmrə, Vilyam Şekspir və digər şairlərin əsərlərini özbək dilinə tərcümə edib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın dəstəyi ilə onun 80 illik yubileyi Bakıda geniş qeyd olunub.

2021-ci ildə Bakıda keçirilən Nizami Gəncəvi beynəlxalq Forumu çərçivəsində Camal Kamalın özbək dilinə tərcümə etdiyi Nizami Gəncəvinin “Xəmsə”sinin xüsusi nəşrinin geniş təqdimatı keçirilib.

Azərbaycan mədəniyyət günləri ilə əlaqədar 2021-ci ilin aprel ayında Özbəkistanda olan Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın rəhbərliyi ilə nümayəndə heyətimiz də Camal Kamalla görüşüb. Qənirə Paşayeva onun uzun illər zəhmətlə ərsəyə gətirdiyi, dahi Nizami Gəncəvinin “Xəmsə”sini özbək dilinə çevirməklə öz adını ədəbiyyat tariximizə qızıl hərflərlə yazdığını qeyd edib.

Allah rəhmət eləsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.