CƏMİYYƏT
“Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusunda regional konfrans başa çatıb
Bakı, 18 fevral, AZƏRTAC
Salyanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycanın dövlət-din modeli: dünyəvilik” mövzusunda regional konfrans fevralın 18-də başa çatıb. Tədbirdə dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov maarifləndirmə məqsədilə keçirilən konfransın əhəmiyyətindən, Salyandakı dini vəziyyətdən danışıb, rayonda qeydiyyatdan keçən dini icmalara fəaliyyət göstərmələri üçün lazımi şərait yaradıldığını bildirib. Milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini diqqətə çatdıran icra başçısı dövlətin bu sahəyə qayğısını xüsusi vurğulayıb. Qeyd edib ki, dini etiqad azadlığının təmin olunması, rayonda dini icmalar arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə qurulması üçün lazımi tədbirlər həyata keçirilir.
DQİDK sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin dövlət-din münasibətlərinə həssaslıqla yanaşdığını, dini sahəyə xüsusi diqqət və qayğı göstərdiyini qeyd edərək, xalqımızın zəngin multikulturalizm ənənələrinin, milli-mənəvi dəyərlərinin qorunub saxlanılması, təbliği və təşkili istiqamətində həyata keçirilən tədbirlərdən danışıb.
Mübariz Qurbanlı ölkəmizdə tarixən tolerantlıq mühitinin, dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyünü, dövlət-din münasibətlərinin zəngin milli, tarixi ənənəyə əsaslandığını və beynəlxalq hüququn normaları ilə tənzimləndiyini bildirib. Qeyd edib ki, dini dözümlülük Azərbaycan xalqının milli təfəkküründə özünəməxsus yerə malikdir, ölkə ərazisində müxtəlif dini konfessiyaların nümayəndələri, eyni zamanda, fərqli dünyagörüşünə malik insanlar bir-birinə müdaxilə etmədən sərbəst şəkildə yaşayırlar. Azərbaycanın tolerant ənənələrə malik özünəməxsus din modeli bu gün irqçiliyin, ekstremizmin və terrorun tüğyan etdiyi dünyada bir çox ölkə üçün əvəzsiz nümunədir.
Çıxışında ənənəvi İslam dəyərləri və çağdaş problemlərdən də ətraflı söz açan Komitə sədri dünyada İslam dininin radikalizmə sürükləmə meyilləri ilə bağlı iddiaların artmaqda olduğunu vurğulayıb. O, İslam dini haqqında yanlış məlumatların insanların düşüncələrində həqiqətə uyğun olmayan təsəvvür yaratdığını qeyd edib. Bəzi qüvvələrin dini radikalizm, müxtəlif dini xurafatlar vasitəsilə sonuncu səmavi dini gözdən salmaq niyyətlərində olduqlarını bildirib. Mübariz Qurbanlı bu baxımdan ənənəvi İslam dininin təbliğinin prioritet məsələlərdən olduğunu və maarifləndirmə tədbirlərinin mütəmadi şəkildə həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş “Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filminin də nümayiş olunduğu konfrans mövzu ətrafında müzakirələrlə yekunlaşıb.