SİYASƏT


Azərbaycanın dövlət müstəqilliyinin bərpası tariximizin ən böyük hadisələrindən biridir

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət Müstəqilliyi Günü ilə əlaqədar elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, akademiyanın rektoru akademik Urxan Ələkbərov ötən 27 il ərzində Azərbaycanın qazandığı nailiyyətlərdən danışıb, ölkənin uğurlu inkişafı sayəsində dövlətçilik ənənələrimizin möhkəmləndiyini, iqtisadi və siyasi gücümüzün artdığını bildirib. Diqqətə çatdırıb ki, müstəqil Azərbaycan Respublikası bu gün hər bir azərbaycanlı üçün əsl qürur mənbəyinə çevrilib.

Urxan Ələkbərov vurğulayıb ki, müstəqilliyin ilk illərində Azərbaycan dərin siyasi, iqtisadi və sosial böhranla yanaşı, Ermənistanın hərbi təcavüzü, xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə üzləşib. Xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı və apardığı müdrik siyasət nəticəsində ölkəmiz parçalanma təhlükəsindən, vətəndaş müharibəsindən xilas edildi. İctimai-siyasi sabitlik bərqərar oldu və bütün sahələrdə uğurlu islahatların başlanmasına zəmin yaradıldı. Dövlət müstəqilliyinin ilk illərində “Müstəqilliyimiz dönməzdir, əbədidir” deyən Ümummilli Liderin Azərbaycanın qüdrətli ölkəyə çevrilməsinə yönəlmiş müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlət İdarəçilik Akademiyasının professoru, Milli Məclisin deputatı Elman Nəsirov çıxış edərək bildirib ki, o zamankı hakimiyyətin dövlət müstəqilliyi ilə bağlı Konstitusiya Aktına imza atmasının səbəbi məhz ulu öndər Heydər Əliyevin apardığı siyasət oldu. Belə ki, 1990-cı ilin iyulunda Moskvadan Naxçıvana qayıdan ulu öndər Heydər Əliyev buradan Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etdi. 1990-cı il noyabrın 17-də Naxçıvan MSSR Ali Sovetinin Heydər Əliyevin sədrliyi ilə keçirilən ilk sessiyasında “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan MR Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının dövlət rəmzləri haqqında” qanunlar qəbul olundu. Bu qanunların qəbulu ilə Ümummilli Lider o vaxtkı Azərbaycan rəhbərliyi qarşısında müstəqil olmaq tələbini qoydu. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanın dövlətçiliyi uğrunda fəaliyyətini artırdı. Bu gün bu şərəfli missiyanı Prezident İlham Əliyev uğurla davam etdirir. Bunun nəticəsidir ki, Azərbaycan regionda və dünyada nüfuzlu dövlətə çevrilib.

Akademiyanın siyasi idarəetmə fakültəsinin dekanı, professor Elçin Əhmədov bildirib ki, müstəqilliyinin ilk illərində Azərbaycanda gərgin hərbi-siyasi vəziyyət hökm sürürdü. Ölkə parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ildə xalqımızın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi, iqtisadi, sosial, mədəni həyatında böyük dəyişikliklərin başlanğıcını qoydu. Məhz Heydər Əliyev Azərbaycan xalqını ağır vəziyyətdən çıxardı. İlk olaraq cəbhədə atəşkəs elan olundu, Ulu Öndərin siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı sayəsində ölkəni təcrid vəziyyətindən çıxaran “Əsrin müqaviləsi” imzalandı. Beləliklə, Azərbaycan böyük inkişaf yoluna qədəm qoydu. Ümummilli Liderin müdrik siyasəti və bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünyada böyük nüfuza sahib olan, öz sözünü deyən bir ölkəyə çevrilib.

Daha sonra DİA-nın tarix kafedrasının müdiri dosent Firdovsiyə Əhmədova, həmin kafedranın professoru Musa Quliyev və digərləri çıxış edərək 27 il əvvəl Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsini xalqımızın tarixində ən böyük hadisələrdən biri kimi qiymətləndirib, ölkəmizin əldə etdiyi uğurlar barədə fikirlərini bölüşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.