SİYASƏT
Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25 illiyi Cənubi Afrika Respublikasında qeyd edilib
Bakı, 28 noyabr, AZƏRTAC
Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi ölkəmizin müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş tədbir keçirib. Tədbirdə diplomatik korpusun üzvləri, elmi araşdırma mərkəzlərinin nümayəndələri, həmçinin kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.
Azərbaycanın CAR-da səlahiyyət müddəti başa çatmış səfiri Elxan Poluxov panel müzakirələr formatında keçirilən tədbirdə çıxış edərək 1918-ci ildə təsis olunmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan Azərbaycan Respublikasının 25 illik müstəqillik dövründə keçdiyi inkişaf yolu barədə danışıb. Bu xüsusda, ümummilli lider Heydər Əliyevin müəllifi olduğu çoxşaxəli inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini bildirib.
Daha sonra çıxış edən Azərbaycan-Cənubi Afrika Ticarət Palatasının yaradıcılarından olan Sandra Tompson iki ölkə arasında iqtisadi əlaqələrin cari göstəriciləri, inkişaf perspektivlərindən bəhs edərək ticarət dövriyyəsinin artırılması üçün geniş imkanların olduğunu deyib.
CAR-ın Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin nümayəndəsi Şari Kupido isə iki ölkə arasında diplomatik əlaqələrin tarixindən danışaraq, ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib. Ş.Kupido, həmçinin ADA Universiteti tərəfindən təşkil edilmiş proqrama qatıldığını bildirərək, Azərbaycanın rəngarəng turizm potensialının onu heyran etdiyini diqqətə çatdırıb.
Sonda çıxış edən Şimal-Qərb Universitetinin professoru Petro du Priz müstəqilliyin bərpasının 25 ili ərzində Azərbaycanda demokratiyanın inkişaf yolu barədə danışıb, bu illər ərzində genişmiqyaslı işlər görüldüyünü və ölkəmizin bu istiqamətdə düzgün strategiya ilə inamla irəlilədiyini vurğulayıb.
Tədbir zamanı, həmçinin Cənubi afrikalı müəllif Sehlare Makgetlanengin “Azərbaycan regional iqtisadi hərəkətverici qüvvə kimi” kitabının təqdimatı olub.