REGİONLAR


Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi Heydər Əliyevin rəhbərliyə qayıdışından sonra təmin edilib

Zaqatala, 17 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Müstəqillik hər bir xalqın tarixində onun özünüifadəsinin və özünütəsdiqinin ən vacib əlaməti kimi səciyyələndirilir. Fəxrlə demək olar ki, qazanılan nailiyyətlər baxımından bu gün müstəqil Azərbaycan dünya üçün bir nümunəyə çevrilib. Respublikamız müstəqilliyin verdiyi imkanlardan qısa zaman kəsiyində bacarıqla bəhrələnərək, dünyanın ən dinamik inkişaf tempinə malik ölkələri sırasına çıxıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə oktyabrın 17-də Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən “Ulu diyar Azərbaycan” mövzusunda elmi-praktiki konfransda səsləndirilib.

Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Sonra yeni təmir olunan “Zaqatala” qəzeti redaksiyasının binasına baxış olub. Məlumat verilib ki, 1923-cü ildən fəaliyyət göstərən bu mətbu orqan rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edir. İndiyədək qəzetin 8300-ə yaxın nömrəsi nəşr olunub.

Elmi-praktiki konfransın əvvəlində müstəqil Azərbaycanın qazandığı uğurlardan bəhs edən film nümayiş olunub.

Rayon icra hakimiyyəti başçısının müavini Vəfa Süleymanovanın məruzəsində XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin elan olunması, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizə və ölkəmizin əldə etdiyi uğurlardan geniş bəhs edilib. Bildirilib ki, 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan tarixinin yeni – müstəqil inkişaf dövrü başlanıb. Müstəqilliyimizin ilk illəri xalqımız üçün olduqca çətin şəraitdə keçib. 1993-cü ilin iyununda Azərbaycan xalqı vətəndaş müharibəsi, parçalanmaq təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın yeganə xilas və ümid yeri olan Heydər Əliyev yenidən hakimiyyətə qayıdıb. Məhz Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycanın dövlət müstəqilliyinin əbədiliyi və dönməzliyi təmin edilib, respublikamız yeni inkişaf dövrünə qədəm qoyub.

Çıxışlarda Heydər Əliyev siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin getdikcə daha da möhkəmləndiyi xüsusi vurğulanıb. Qeyd olunub ki, dövlət müstəqilliyi xalqımızın tarixi nailiyyətidir. Müstəqil daxili və xarici siyasət yeridən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanınması, qazanılan uğurlar əminliklə söyləməyə əsas verir ki, dövlət müstəqilliyimiz bir də heç vaxt əldən verilməyəcək, əbədi olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.