ELM VƏ TƏHSİL
“Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Tvinninq layihəsi ilə bağlı nəticələr açıqlanıb
Bakı, 14 sentyabr, AZƏRTAC
Məlumat verdiyimiz kimi, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən və bu ilin yanvarında rəsmi açılışı olan “Azərbaycanın dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” Tvinninq layihəsi litvalı tərəfdaşlarla birgə həyata keçirilir. Layihə Azərbaycanda peşəkar və dayanıqlı dövlət qulluğu sisteminin daha da inkişaf etdirilməsinə töhfə verməyi qarşısına məqsəd qoyub. Layihənin əsas məqsədi dövlət qulluğu vəzifələrinin qruplaşdırılması, eləcə də dövlət qulluğuna qəbul, fəaliyyətin qiymətləndirilməsi və əmək haqqı sisteminin çərçivəsini yaratmaqdır. Vəzifələrin təsnifatı insan resurslarının idarəetməsinin əsas hissəsi kimi qulluğa qəbul, əmək haqqı və təlim kimi məsələlərin həllində də böyük əhəmiyyət daşıyır. O, insan resurslarının idarəedilməsi prosedurlarını əlaqələndirən və ona təsir edən mərkəzi ox rolunu oynayır. Vəzifələrin təsnifatına ədalətli və şəffaf yanaşma peşəkar və yetkin dövlət qulluğunun yaradılmasını təmin edir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, Litvadan olan ekspertlər fəaliyyət sahəsi və vəzifələrin iyerarxik sistemdə yerini nəzərə almaqla dövlət qulluğu vəzifələrini qruplaşdıraraq, dövlət qulluqçuları üçün bilik və bacarıqlar sistemi yaratmağı, müxtəlif qrup dövlət qulluqçuları üçün təhsil, iş təcrübəsi və digər tələblərin işlənib hazırlanması və vəzifə təsvirlərinin yazılması üzrə hüquqi tənzimləmələrin hazırlanmasını təklif ediblər. Onların təklifləri praktiki şəkildə pilot qurumlarda – Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN), İqtisadiyyat Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində həyata keçirilib. Pilot qurumların fəal iştirakı imkan verib ki, təklif edilən sistem daha da təkmilləşdirilsin. Pilot qurumların rəyinə görə, vəzifələrin qruplaşdırılmasının həyata keçirilməsi mövcud sistemi daha aydın və şəffaf edəcək və vəzifə təsvirlərinin hazırlanması da asan və obyektiv olacaq.
Təklif edilən vəzifə təsnifatı sisteminin elementləri DİM tərəfindən “5-7-ci təsnifat üzrə vakant inzibati vəzifələrin tutulması üzrə ümumi şərtlər”ə dəyişikliklərin işlənib hazırlanması üçün istifadə edilib.