CƏMİYYƏT
Azərbaycanın dövlət sərhədini pozduqları üçün 46 nəfər saxlanılıb VİDEO
Bakı, 11 fevral, AZƏRTAC
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2016-cı ilin yanvar ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qeyri-leqal miqrasiyaya, qaçaqmalçılığa, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ay ərzində dövlət sərhədini pozduqları üçün 27 halda 46 nəfər saxlanılıb. Onların 16-sı Azərbaycan, 13-ü Banqladeş, 4-ü Pakistan, 3-ü Özbəkistan, 3-ü İran, 3-ü Nigeriya, hər ölkədən 1 nəfər olmaqla Türkmənistan, Əfqanıstan, Qambiya vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozduqlarına görə yaşıl sərhəddə 3 halda 5 nəfər, Xəzər dənizində 4 halda 6 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 375 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 8 halda 10 kiloqram 972 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Yanvarın 9-da Biləsuvar rayonunun Biləsuvar kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində “VAZ-2015”markalı AZ 44-BC-305 dövlət qeydiyyat nömrəli avtomobildə Lənkəran rayon sakinləri, Əliyev Rövşən Tofiq oğlu, İbişov Elşən Rafiq oğlu və Qasımzadə Musa Azad oğlu saxlanılıblar. Avtomobilə baxış zamanı 3,9 kiloqram həşiş, 3,7 kiloqram marixuana aşkar edilib.
Yanvarın 16-da Füzuli rayonunun Bala Bəhmənli kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Füzuli rayon sakinləri Əsədov Səyyad Müzəffər oğlu və Məhərrəmov Vilayət Ziyad oğlu 2 kiloqram həşiş, 1140 qram marixuana, 25 qram heroin, 30 qram tiryəklə saxlanılıblar.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 53 halda ümumi dəyəri təqribən 336 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd siqnal tapançası, “RPK-74” silahı üçün 1 daraq, 41 ədəd 5,45 millimetrlik patron, 2 ədəd beşbarmaq, 51600 Azərbaycan manatı, 2300 ABŞ dolları, 500 Avropa valyutası, 12186 qutu siqaret, 34 ədəd mobil telefon, 1940 qutu pirotexniki vasitə, 9968 ədəd dərman preparatları, 1 baş at, müxtəlif ərzaq və sənaye malları saxlanılıb.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.