CƏMİYYƏT
Azərbaycanın dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir VİDEO
Bakı, 15 may (AZƏRTAC). Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2014-cü ilin aprel ayında dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, ay ərzində dövlət sərhədini pozduqları üçün 29 halda 36 nəfər saxlanılmış, onların 20 nəfəri Azərbaycan Respublikası, 8 nəfəri Özbəkistan, 3 nəfəri İran İslam Respublikası, 2 nəfəri Rusiya Federasiyası, 2 nəfəri Moldova, 1 nəfəri Gürcüstan vətəndaşı olmuşdur. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 12 halda 25 nəfər, Xəzər dənizində 63 halda 81 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən axtarışda olan 219 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 10 halda 59 kiloqram 827 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.
Aprelin 6-da “Astara” sərhəd nəzarəti məntəqəsində Lənkəran rayon sakini Həmidov Zöhrab Rəhmət oğlunun İrandan Azərbaycana keçərkən bədənində gizlədərək ölkəmizə gətirmək istədiyi 104 qram tiryək aşkar olunaraq götürülmüşdür.
Aprelin 12-də Füzuli rayonunun Əhmədalılar kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində bir nəfərin İrandan Azərbaycana 2 kiloqram 800 qram tiryək keçirmək cəhdinin qarşısı alınmışdır.
Aprelin 15-də Cəlilabad rayonunun Sərxanlı kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti ərazisində külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısı alınmışdır. Zastavanın xidməti ərazisində İran İslam Respublikası tərəfindən 3 nəfər naməlum şəxsin şübhəli hərəkətləri müşahidə olunmuşdur. Həmin əraziyə baxış keçirilərkən 5 bağlamada 22,9 kiloqram həşiş, 14 kiloqram tiryək, 9,2 kiloqram heroin, 8,7 kiloqram marixuana, 300 milli litrlik metadon məhlulu aşkar edilərək götürülmüşdür.
Aprelin 17-də Şamaxı rayon sakini Fətullayev Elşad Əliqasım oğlunun “Astara” sərhəd nəzarəti məntəqəsində İrandan Azərbaycana keçərkən bədənində gizlətdiyi 191 qram tiryək, aprelin 21-də Bakı şəhər sakini Əzimova Səadət Səməndər qızının bədənində gizlətdiyi 330 qram heroin və Bakı şəhər sakini Həmzəli Tima Azər qızının bədənində gizlətdiyi 260 qram heroin aşkarlanaraq götürülmüşdür.
Aprelin 22-də “Biləsuvar” sərhəd nəzarəti məntəqəsində İran İslam Respublikasının vətəndaşı Cəfər Əli Pur Cəmşid Cəfərin İrandan Azərbaycana keçərkən idarə etdiyi “Peykan” markalı 15B973-10 dövlət qeydiyyat nömrəli avtomobilin yanacaq çənindən 50 min ədəd “Promidol” adlı həb aşkarlanmışdır.
Ay ərzində 52 halda ümumi dəyəri təqribən 981 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd pnevmatik silah, 1 ədəd beşbarmaq, 14 ədəd zinət əşyası, 1 kiloqram gümüş məmulatı, 11 ədəd mobil telefon, 51 ədəd mobil telefon aksessuarı, 1550 qutu siqaret, 10 baş iribuynuzlu mal-qara, 728 ədəd müxtəlif dərman preparatı, ərzaq və sənaye mallarının sərhədlərimizdən keçirilməsinin qarşısı alınmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.