REGİONLAR


Azərbaycanın əldə etdiyi qələbə regionda inkişafın yeni mərhələsinə geniş qapı açıb

Bərdə, 16 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun işğal altında olan torpaqlarımızın azad olunması ilə əldə etdiyi tarixi qələbə təkcə ölkəmiz üçün deyil, bütün region üçün əsaslı və sürətli inkişafın yeni mərhələsinə geniş qapı açıb. İndi regionda tamamilə yeni reallıqlar yaranıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya deyib.

Təşkilatın sədri bildirib ki, bu gün Ermənistan gələcəyə baxmaq, regional əməkdaşlığı yaratmaq əvəzinə revanş hissi ilə yaşayır. 44 günlük müharibədə məğlub olan Ermənistan, əvvəlcə, bu ideoloji buxovlardan xilas olmalıdır. Dünyada ikinci elə bir dövlət yoxdur ki, onun konstitusiyasında başqa bir ölkəyə qarşı ərazi iddiası təsbit edilmiş olsun. Amma bu gün Ermənistan konstitusiyasında Türkiyəyə qarşı ərazi iddiası yer alır. Ermənistanın qonşu dövlətlərlə normal münasibət qura bilməməsinin, işğal siyasətinin qurbanı olmasının kökündə məhz bu cür sivil və bəşəri dəyərlərdən uzaq olması dayanır.

F.Şadlinskaya bildirib ki, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda regionu gözləyən yeni çağırışların nədən ibarət olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bugünkü əsl həqiqətləri açıqladı. Bildirdi ki, azərbaycanofobiya, türkofobiya ermənilərin yeganə amilinə çevrilib. Prezident qeyd etdi ki, biz torpaqları azad edəndən sonra orada 100 milyonlarla dollar hesabına başa gəlmiş nəhəng istehkamlar, minalanmış sahələr və müdafiə sədlərinin qurulduğunun şahidi olduq. Aydındır ki, onlar bunu torpaqlarımızı əbədi işğal altında saxlamaq üçün etmişlər. Dövlət başçısının bildirdiyi kimi, regionda sülh və təhlükəsizliyin tam bərqərar olması üçün ilk növbədə Ermənistan qonşulara qarşı düşmənçilik münasibətindən əl çəkməlidir. Əks təqdirdə, onlar müharibə vaxtı nə baş verdiyini xatırlamalıdırlar. Həmçinin bir daha bəyan etdi ki, əgər xalqımıza və ya ərazi bütövlüyümüzə qarşı təhlükə olduğunu görəriksə, özümüzü müdafiə etmək üçün bütün vasitələrdən istifadə edəcəyik.

Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri qeyd edib ki, bu gün Azərbaycanın qarşısında duran əsas məqsəd işğaldan azad olunmuş torpaqlarımızda bərpa işlərinin aparılması və məcburi köçkünlərin doğma yurd yerlərinə qayıtmasının təmin edilməsidir. Qarabağ ölkə iqtisadiyyatında, qeyri-inkişaf sektorunda, eləcə də nəqliyyat sahəsində mühüm yerlərdən birini tutacaq. Üç hava limanı, dəmir yollarının əlaqələndirilməsi ilə əlaqədar işlərə artıq başlanılıb. Zəngilanın mühüm logistik mərkəzə çevrilə biləcəyi göz qabağındadır. Azad olunmuş torpaqlarımızda infrastruktur layihələrinin icrasına başlanılıb. Füzulidən Şuşaya, Şuşadan Cəbrayıla, Horadizdən Zəngilana, Bərdədən Ağdama avtomagistralların tikintisinə start verilib. Daha bir yol isə Kəlbəcərə çəkilir. İki il ərzində bütün Qarabağ elektrik enerjisi ilə təchiz olunacaq. İlk olaraq Zəngilanda “ağıllı kənd” pilot layihəsinin icrasına başlanılıb. İlk şəhərsalma layihəsi Ağdamda həyata keçiriləcək. “Gələn ildən mərhələli şəkildə məcburi köçkünlərin ilk qrupu öz yurd yerlərində yaşaya biləcəklər. 30 il bundan əvvəl Ermənistanın təcavüzü nəticəsində respublikamızın digər bölgələrinə, o cümlədən Bərdəyə pənah gətirən məcburi köçkün soydaşlarımız böyük sevinc içində həsrət qaldıqları doğma torpaqlara qayıdacaqlar. Bütün bunlar isə Prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağa, tarixi məkanlarımıza, doğma torpaqlarımıza aparan möhkəm, geniş, uğurlu və əbədi yolun qətiyyətli və əmin addımlardan yaranan və heç zaman pozulmayacaq ilk cığırlarıdır. Arzumuz budur ki, bu yollar əbədi və uğurlu olsun”, - deyə o bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.