QAN YADDAŞI


Azərbaycanın əldə etdiyi tarixi qələbədən sonra həm 20 Yanvar, həm də Vətən müharibəsi şəhidlərinin ruhları şaddır

Tbilisi, 20 yanvar, AZƏRTAC 

Azərbaycanda 31 il öncə törədilən qanlı hadisələr zamanı şəhid olanların qanları yerdə qalmayıb. Azərbaycanın əldə etdiyi tarixi qələbədən sonra həm 20 Yanvar, həm də 44 günlük Vətən müharibəsinin şəhidlərinin ruhları bu gün şaddır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Gürcüstanın Qardabani rayonunun Qaratəhlə kəndində 20 Yanvar şəhidi Rəşid İsmayılovun xatirəsinə həsr olunan anım tədbirində səslənib.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstan parlamentinin deputatları Zaur Darğallı və Savalan Mirzəyev, Qardabani bələdiyyəsinin nümayəndələri və kənd ziyalıları iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Səfir F.Quliyev deyib ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli kimliyinin və milli birliyinin formalaşmasında və dövlət müstəqilliyimizin bərpasında mühüm rol oynayıb.

Səfir xalqımızın ümummilli lideri Heydər Əliyevin faciənin dünya ictimaiyyətinə çatdırılmasında, hadisəyə hüquqi və siyasi qiymət verilməsində əvəzsiz rolundan danışıb.

Bildirib ki, Ulu Öndər qanlı hadisələrin səhəri günü özünün və ailəsinin həyatını təhlükə altında qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində yerli və xarici mətbuat nümayəndələri qarşısında çıxış edərək insanlığa qarşı törədilmiş cinayətə kəskin etirazını bildirib, faciənin günahkarlarının cəzalandırılmasını tələb edib. Heydər Əliyev sovetlər birliyinin hökm sürdüyü bir vaxtda Moskvadakı bu addımı ilə böyük cəsarət nümayiş etdirib.

Qanlı Yanvar şəhidinin yaxınlarına başsağlığı verən diplomat azadlıq və ərazi bütövlüyümüz uğrunda canlarını fəda edən oğul və qızlarımızın ruhu qarşısında baş əydiyini bildirib.

F.Quliyev şəhid ailələrinin Azərbaycan dövlətinin daimi diqqət mərkəzində saxlanıldığını qeyd edib. O, Azərbaycan səfirliyinin Gürcüstandan olan altı şəhidin ailə üzvlərini və yaxınlarını narahat edən məsələlərə hər zaman böyük diqqət və həssaslıqla yanaşdığını qeyd edib.

Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev deyib ki, Vətən sevgisi ilə canlarından keçənlərin xatirəsi azərbaycanlıların qəlbində əbədi yaşayacaq.

Deputat deyib ki, Azərbaycanda 31 il öncə törədilən qanlı hadisələr zamanı şəhid olanların qanları yerdə qalmayıb. Azərbaycan Ordusunun şanlı zəfəri dünyada yaşayan bütün azərbaycanlıların qələbəsidir.

Digər deputat Zaur Darğallı isə bildirib ki, 20 Yanvar faciəvi hadisə ilə yanaşı, həm də Azərbaycan xalqının milli iradə nümayişi olub.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi ilə Qarabağ işğaldan azad olunaraq tarixi torpaqlar əsl sahiblərinə qaytarıldı. Bu gün 20 Yanvar şəhidlərinin ruhu sevinir, çünki qanları əbəs yerə axmayıb. Artıq Azərbaycan bütövdür, bölgədə yeni geosiyasi reallıq yaranıb.

“Biz bu tarixi hadisələri hər zaman yad etməli və şəhidlərin əziz xatirələrini yaşatmalıyıq”, – deyə deputat vurğulayıb.

Mərasimin sonunda şəhidlərin ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.