SİYASƏT


Azərbaycanın əldə etdiyi uğurlar onun beynəlxalq aləmdə yerini və rolunu gücləndirir

Bakı, 11 iyul, AZƏRTAC

Öz inkişafına görə beynəlxalq qurumlar tərəfindən daim yüksək qiymətə layiq görülən Azərbaycan bu istiqamətdə daha bir uğur qazanıb. Ölkəmiz BMT-nin “Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında “Davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, hesabatda öz əksini tapdığı kimi, Azərbaycan “Davamlı inkişaf məqsədləri indeksi”nə görə regionda liderdir və dünya ölkələri arasında mühüm nəticə nümayiş etdirir. Bu nəticəyə görə ölkəmiz bütün qonşularını geridə qoyub. Belə ki, hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir.

Deputat əlavə edib ki, Azərbaycan “Davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Bu isə gözəl nəticədir. Belə ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda “Davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9-dur.

Vüqar İskəndərov fikrincə, Azərbaycanın bu uğuru heç də təsadüfi deyil. Bütün bu uğurların təməlində həyata keçirilən düşünülmüş və məqsədyönlü siyasət dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, müasir iqtisadi və sosial infrastrukturun formalaşdırılması ölkə iqtisadiyyatının sürətli inkişafını və onun rəqabət qabiliyyətinin yüksəlməsini təmin edib. Eyni zamanda, Azərbaycanda həyata keçirilən sosial siyasət nümunəvi xarakter daşıyır.

Vüqar İskəndərov qeyd edib ki, yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlükəsizliyinin təmin olunması, mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur.

“Onu da xüsusi olaraq qeyd edim ki, Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Ümumiyyətlə, əldə edilən bu nəticələr həm ölkəmizin beynəlxalq aləmdəki yerini və rolunu gücləndirir, həm də gələcəkdə qazanılacaq yeni-yeni uğurlar üçün stimul rolunu oynayır”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.