İQTİSADİYYAT
Azərbaycanın “elektron hökumət” təcrübəsi Astana forumu iştirakçılarının marağına səbəb olub
Azərbaycan, Əfqanıstan, Bolqarıstan, Estoniya, Qazaxıstan və digər dövlətlərin nümayəndə heyətlərinin iştirak etdikləri sessiyada rəqəmli fərqliliyin aradan qaldırılması ilə bağlı təcrübə mübadiləsi aparıldı. Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə də öz növbəsində ölkəmizdə rəqəmli fərqliliyin aradan qaldırılması sahəsində görülən işlər, elektron hökumətin inkişaf etdirilməsi və digər nailiyyətlər haqqında sessiya iştirakçılarına geniş məlumat verdi. Vurğulandı ki, bu məqsədlə həyata keçirilən tədbirlərdən biri də keyfiyyətli teleradio yayımı və internetə çıxış imkanlarının artırılmasıdır. Mövcud islahatlar nəticəsində paytaxtla regionlar arasında rəqəmli fərqlilik aradan qaldırılır. Habelə “Elektron Azərbaycan” Dövlət Proqramı uğurla icra olunur.
Nazir müavini sessiya iştirakçılarının diqqətinə Azərbaycanda “Xalq kompyuteri” layihəsi ilə bağlı əldə edilən nailiyyətləri də çatdırdı. Qeyd edildi ki, layihənin əsas məqsədi əhalinin müxtəlif sosial təbəqələrinə müasir kompyuter və lisenziyalı proqram təminatı almaq imkanı yaratmaq, regionlarda İKT-nin geniş tətbiqi vasitəsilə “rəqəmli fərqliliyin” aradan qaldırılmasına nail olmaq və Azərbaycan hökumətinin informasiya cəmiyyətinin və elektron hökumətin inkişafına yönəlmiş fəaliyyətlərini dəstəkləməkdir.
Ölkəmizdə uğurla tətbiq olunan və geniş miqyas alan “ASAN xidmət” haqqında məlumat da sessiya iştirakçılarının diqqətini cəlb etdi. Əfqanıstan, Bolqarıstan və Estoniya Azərbaycanın bu təcrübəsinə xüsusi maraq göstərdilər.
Forum işini bu gün başa çatdırdı.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Astana