ELM VƏ TƏHSİL
Azərbaycanın elmi-tədqiqat institutu Arktika sammitində təmsil olunub
Bakı, 21 fevral, AZƏRTAC
Rusiyanın Sankt-Peterburq şəhərində “Arktika və şelf layihələri: perspektivlər, innovasiyalar və regionların inkişafı” mövzusunda beynəlxalq Arktika sammiti keçirilib. Azərbaycan Milli Elmlər Akademiyası İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev sammitin təşkilat komitəsinin üzvü seçilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, sammitin işində Rusiyanın Dövlət Dumasının və nazirliklərinin nümayəndələri, Arktika regionlarının qubernatorları və aparıcı mütəxəssisləri iştirak ediblər.
Beynəlxalq sammitdə akademik Telman Əliyevin rəhbərliyi altında İdarəetmə Sistemləri İnstitutunun və Arktika Elmlər Akademiyasının birgə hazırladığı “Ekstremal şəraitdə fəaliyyət göstərən neft-qaz obyektlərində, qəzaların başlanğıc və inkişaf dinamikasının robast noise texnologiyaları və monitorinq sistemləri” mövzusunda təqdimat olub. Layihə sammitin nəticələri üzrə Arktika regionunda tətbiq üçün tövsiyə olunan layihələr siyahısına daxil edilib.