MƏDƏNİYYƏT
Azərbaycanın əməkdar rəssamı Rusiya Sənət Akademiyasının medalı ilə təltif edilib
Bakı, 16 iyun, AZƏRTAC
Türkiyədə yaşayan həmyerlimiz, Azərbaycanın əməkdar rəssamı Teymur Rzayev Rusiya İncəsənət Akademiyasının medalı ilə təltif edilib.
Soydaşımız bu mükafata Türkiyə ilə Rusiya arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, medalın təqdimatı T.Rzayevin təşəbbüsü ilə Memar Sinan İncəsənət Universitetinin İstanbuldakı sərgi salonunda təşkil edilən Rusiya İncəsənət Akademiyasının prezidenti Zurab Tseretelinin fərdi sərgisində reallaşıb.
Universitetin rektor Yalçın Karayağız bu sərginin Türkiyə ilə Rusiya arasındakı mədəni əlaqələrin genişlənməsində böyük rol oynayacağını qeyd edib.
Rusiya İncəsənət Akademiyasının prezidenti Zurab Tsereteli isə öz növbəsində iki ölkə arasında dostluq, incəsənət, yaradıcılıq vasitəsilə daha böyük inkişaf əldə edə biləcəklərini vurğulayıb. O, bu əlaqələrin gücləndirilməsində böyük zəhməti olan Y.Karayağıza minnətdarlığını bildirərək ona Akademiyanın “Ləyaqət” medalını təqdim edib.
Memar Sinan İncəsənət Universitetinin rektoru Y.Karayağız isə Rusiya İncəsənət Akademiyasının prezidenti Zurab Tsereteliyə və Akademiyanın vitse-prezidenti Tahir Salahova minnətdarlığını bildirərək, universitet adından təşəkkürnamə təqdim edib.
Tədbirdə Zurab Tsereteli gənclərə ustad dərsi keçərək çiçək tablosu və rektorun portretini yaradaraq təhsil ocağının muzeyinə hədiyyə edib.
Bu dostluq əlaqələrinin inkişafı çərçivəsində Türkiyə rəssamlarının da Moskvada sərgisinin açılması planlaşdırılır.