İQTİSADİYYAT
Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələrin adları açıqlanıb
Bakı, 27 iyul, Elvin Camalov, AZƏRTAC
Bu ilin yanvar-iyun aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Ekvador olub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 158,9 milyon ABŞ dolları, Meksika ilə 30,4 milyon dollar, Ekvadorla isə 21,9 milyon dollar təşkil edib. 2019-cu ilin müvafiq dövrünə nisbətən İspaniya ilə ticarət dövriyyəsi azalıb, Meksika və Ekvador ilə artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədirlər. Cari ildə İspaniya ilə idxalın dəyəri 29 milyon 880 min dollar, Meksika ilə 30 milyon 303 min dollar, Ekvadordan isə 21 milyon 995 min dollar təşkil edib. İspaniya ilə idxal əməliyyatlarının dəyəri azalıb, Meksika və Ekvador ilə artıb.
Altı ayda ispandilli ölkələrdən ən çox məhsul İspaniya, Kolumbiya və Meksikaya ixrac edilib. İspaniyaya ixracın dəyəri 129 milyon dollar, Kolumbiya və Meksikaya isə cüzi olub. İspaniyaya məhsul ixracı azalıb.