İQTİSADİYYAT
Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələrin adları açıqlanıb
Bakı, 17 sentyabr, AZƏRTAC
Yanvar-avqust aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Argentina olub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 563,6 milyon ABŞ dolları, Meksika ilə 48,8 milyon dollar, Argentina ilə 28,4 milyon dollar təşkil edib. 2020-ci ilin eyni dövrünə nisbətən hər üç dövlət ilə ticarət dövriyyəsi artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədirlər. Cari ildə İspaniyadan idxalın dəyəri 49 milyon dollar, Meksikadan 48,4 milyon dollar, Argentina isə 28,4 milyon dollar təşkil edib. Keçən ilin eyni dövrünə nisbətən hər üç dövlət ilə idxal əməliyyatları artıb.
Səkkiz ayda ən çox məhsul ixrac edilən ispandilli ölkələr də İspaniya, Meksika və Kuba olub. İspaniyaya ixracın dəyəri 514,6 milyon dollar, Meksika və Kubaya isə cüzi olub. Hər üç ölkəyə məhsul ixracı artıb.