İQTİSADİYYAT
Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələrin adları açıqlanıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ispandilli ölkələr İspaniya, Meksika və Argentina olub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin məlumatına əsasən xəbər verir ki, ölkəmizin İspaniya ilə ticarət dövriyyəsi 615 milyon ABŞ dolları, Meksika ilə 53 milyon dollar, Argentina ilə 36 milyon dollar təşkil edib. 2020-ci ilin eyni dövrünə nisbətən hər üç dövlət ilə ticarət dövriyyəsi artıb.
Bu ölkələr, eyni zamanda, Azərbaycanın ən çox məhsul idxal etdiyi ispandilli ölkələr sırasında da ilk üçlükdədirlər. Cari ildə İspaniyadan idxalın dəyəri 56,7 milyon dollar, Meksikadan 52,5 milyon dollar, Argentina isə 36 milyon dollar təşkil edib. Keçən ilin eyni dövrünə nisbətən hər üç dövlət ilə idxal əməliyyatları artıb.
Doqquz ayda ən çox məhsul ixrac edilən ispandilli ölkələr də İspaniya, Meksika və Kuba olub. İspaniyaya ixracın dəyəri 558,2 milyon dollar, Meksika və Kubaya isə cüzi olub. Hər üç ölkəyə məhsul ixracı artıb.