REGİONLAR


Azərbaycanın ən güclü şahmatçıları Naxçıvanda

Naxçıvan, 4 may, AZƏRTAC

Mayın 3-də Naxçıvan şəhərində yerləşən Gənclik Mərkəzində şahmat üzrə Azərbaycan çempionatına start verilib. Mayın 18-dək davam edəcək çempionatda 12 şahmatçı dairəvi sistem üzrə mübarizə aparacaq. Qalib gələcək zəka sahibi Azərbaycanı Dünya Kubokunda təmsil edəcək.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, reqlamentə gəlincə, çempionat 2 mərhələdə keçiriləcək. Birinci mərhələdə 12 iştirakçı dairəvi sistem üzrə (11 turdan ibarət) mübarizə aparacaq. Hər bir şahmatçıya ilk 40 gedişə 1 saat 30 dəqiqə, sonra oyunun sonunadək 30 dəqiqə əlavə vaxt veriləcək. 1-ci gedişdən başlayaraq, hər gedişdən sonra 30 saniyə əlavə olunur. Heç-heçəyə razılaşmağa yalnız qaraların 40-cı gedişindən sonra icazə veriləcək. Çempionatda yerlər toplanmış xalların cəminə görə müəyyən ediləcək. İki və ya daha çox şahmatçı eyni xal toplayarsa, yerlər əlavə göstəricilərə əsasən müəyyən olunacaq.

İlkin mərhələdə 1-4-cü yerləri tutan şahmatçılar 2-ci mərhələdə play-off sistemi üzrə yarımfinal (I-IV, II-III) və finalda çempionu müəyyən edəcəklər. Yarımfinal və final mərhələlərində iki oyun (ağ və qara fiqurlarla) keçiriləcək. Əgər hesab 1:1 olarsa, əvvəlcə 15 dəqiqə + 10 saniyə nəzarət vaxtı ilə (sürətli şahmat) əlavə 2 oyun (ağ və qara fiqurlarla), yenə də qalib müəyyən olunmazsa, 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə (blits) 2 oyun və nəhayət, qalib müəyyən olmadıqda “armagedon” (ağlara 5, qaralara 4 dəqiqə vaxt verilir və ağlar qalib gəlməsələr, qalib qara fiqurlarla oynayan olur) oynanılacaq.

Yarımfinal mərhələsində məğlub olmuş şahmatçılar eyni sistem üzrə 3-cü yer uğrunda yarışacaqlar.

Çempionatda kişilər arasında Azərbaycan milli komandasının üzvləri, aprelin 1-nə beynəlxalq əmsalı 2500-dən yuxarı olan və son 5 ildə turnir və çempionatlarda aktiv iştirak edən şahmatçılar (sıra ilə), 2019-cu il kişilər arasında Azərbaycan çempionu, 2019-cu il Azərbaycan çempionatında 1-ci dəstənin qalibi, 2021-ci il Naxçıvan Muxtar Respublikasının çempionu olan zəka sahibləri qalibi müəyyənləşdirməyə çalışacaqlar.

Püşkatmaya əsasən ilk turda aşağıdakı qarşılaşmalar keçiriləcək:

qrossmeyster Eltac Səfərli (2598) - qrossmeyster Urfan Sevdimalıyev (2369);

qrossmeyster Nicat Abasov (2665) - beynəlxalq usta Aydın Süleymanlı (2520);

qrossmeyster Nicat Məmmədov (2609) – qrossmeyster Vüqar Əsədli (2572);

qrossmeyster Vasif Durarbəyli (2606) - beynəlxalq usta Kənan Qarayev (2331);

qrossmeyster Misrətdin İsgəndərov (2535) - beynəlxalq usta Abdulla Qədimbəyli (2470);

qrossmeyster Fərid Abbasov (2528) - beynəlxalq usta Məhəmməd Muradlı (2449).

Qeyd edək ki, çempionatın ümumi mükafat fondu 15 min manat təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.