REGİONLAR
Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır
Astara, 27 aprel, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Heydər Əliyev Mərkəzinin və Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Müstəqil Azərbaycan yaşadıqca, ulu öndər Heydər Əliyev ürəklərdə yaşayacaq” mövzusunda onlayn tarix dərsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn dərsdə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Mərkəzin direktoru Kübra Səmədova çıxışında bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin Azərbaycana 35 illik rəhbərliyi dövründə ölkəmiz əsrlərə bərabər inkişaf yolu keçib.
Tarix dərsində Astara Rayon Heydər Əliyev Mərkəzinin fondunun baş mühafizi Elza Kazımovanın mövzu ilə bağlı məruzəsi dinlənilib.
Diskussiya şəklində davam edən onlayn tədbirdə Ərçivan qəsəbə 3 nömrəli tam orta məktəbinin direktoru Aygün Həmidova, məktəbin tarix müəllimi Əli Əliyev çıxış ediblər. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə gedən proseslər, daxili və xarici siyasətdə qazanılan uğurlar bunu bir daha sübut edir.
Diqqətə çatdırılıb ki, Azərbaycan qüdrətli dövlət kimi, həm də güclü orduya malikdir. Ordu ərazi bütövlüyümüzü qoruyan hərbi qüvvədirsə, onu yenilməz edən isə əsgər və zabitlərimizin gücü, iradə möhkəmliyi, qorxmazlığı, döyüş bacarığı, düşmənə qarşı eyni əqidə ilə yumruq kimi birləşərək mübarizə aparmasıdır.
Məhz bu birlik sayəsində rəşadətli Azərbaycan Ordusu hədəfinə çatmağı bacardı, böyük Qələbəyə imza atdı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin bu möhtəşəm qalibiyyəti dünyaya səs saldı.
Şanlı Azərbaycan Ordusunun böyük şücaəti, döyüş bacarığı və yenilməzliyi sayəsində indi üçrəngli bayrağımız Qarabağda əzəmətlə dalğalanır.