SİYASƏT


Azərbaycanın enerji siyasəti ölkəmizin etibarlı dost kimi imicini möhkəmləndirir

Azərbaycanın enerji siyasəti ölkəmizin etibarlı dost kimi imicini möhkəmləndirir

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi ilə Azərbaycan növbəti dəfə dünyanın diqqətində oldu və Avropanın enerji təhlükəsizliyinin təminatında roluna bir daha işıq saldı . Bu mühüm tədbir enerji diplomatiyamızın uğurlu səhifəsi kimi xarakterizə edilir. Prezident İlham Əliyev sözügedən tədbirdəki çıxışında “Biz bu gün artıq doqquzuncu dəfədir ki, toplaşırıq və əlbəttə, bir çox məsələlər haqqında danışmalıyıq, adətən etdiyimiz kimi, görülən işləri nəzərdən keçirməliyik və ən vacibi, gələcək addımlarımızı planlaşdırmalıyıq” fikirləri ilə toplantının məqsədini açıqladı. Belə bir reallığı da diqqətə çatdırdı ki, dünya dəyişib və enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyəti daha da artır. Enerji təhlükəsizliyi həqiqətən milli təhlükəsizlik məsələsidir. Yeni marşrutların qurulması və mənbələrin cəlb olunması birgə səylərin nəticəsidir.

Azərbaycan hər bir layihənin vaxtında və uğurla başa çatmasına səy göstərir. Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amillərindən biri yüksək səviyyədə qarşılıqlı etimaddır. Prezident İlham Əliyev bunu, eyni zamanda, qarşılıqlı həmrəylik də adlandırdı. Bildirdi ki, məhz bu halda, əgər kiminsə nəyə isə ehtiyacı olanda Azərbaycan dərhal dəstək verməyə çalışır. Bu, gələcək işlərdə bizi istiqamətləndirəcək tərəfdaşlığın yaxşı ruhudur.

Bu fikirləri AZƏRTAC-a Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Deputat qeyd edib ki, tədbirdə iştirak edən ölkələrin, şirkətlərin və beynəlxalq maliyyə qurumlarının say tərkibinə diqqət yetirmək kifayətdir: “Əvvəlki toplantılarla müqayisədə bu sayın artması Azərbaycanın etibarlı tərəfdaş kimi güclənən mövqeyinin, iştirakçılar arasında etimad mühitinin möhkəmliyinin göstəricisidir. Azərbaycanın tarixi Zəfərimizin reallıqları fonunda artan nüfuzu enerji diplomatiyamızın uğurlarının davamlılığında da özünü qabarıq şəkildə nümayiş etdirir. Ölkəmizin ötən ildə, həmçinin cari ilin ilk ayında enerji sektorunda qazandığı uğurların xronologiyası qeyd etdiklərimizin təsdiqidir”.

“2022-ci ilin iyulunda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı ölkəmiz ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandı. Bu mühüm sənəd gələcək planlar üçün aydın yol xəritəsi kimi dəyərləndirilir. Avropaya qaz ixracının 2027-ci ilə qədər iki dəfə artırılması planlaşdırılır. Buna əsas verən resurslarımız, qarşılıqlı siyasi iradəmiz və çox yüksək səviyyədə etimadımızdır. Ötən ilin oktyabrında enerji sektorunda növbəti uğurlu addım atıldı. Bolqarıstanın paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirildi. IGB Azərbaycanın “Şahdəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Ümumilikdə Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Reallıq budur ki, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır. Ötən ilin dekabrında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında roluna işıq salan daha bir mühüm sənəd imzalandı. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirildi. Prezident İlham Əliyev çağırış etdi ki, məqsədlərimizə nail olmaq üçün biz səmərəli surətdə çalışmalıyıq. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya Avropa İttifaqı ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində bir komanda kimi işləməlidirlər. Onu da qeyd edək ki, cari ilin ilk ayında dövlətimizin başçısının Macarıstana səfəri zamanı iki ölkə arasında qaz təchizatı sahəsində Anlaşma Memorandumu imzalandı”,- deyə deputat vurğulayıb.

M. Həsənovun sözlərinə görə, Azərbaycanın siyasəti əməkdaşlığa hesablanıb: “Yeni tərəfdaşların, dostların qazanılması yeni layihələrin gündəmə gətirilməsində, eyni zamanda, mövcud layihələrin coğrafiyasının genişlənməsində stimulverici amildir. Hazırda Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsindən bəhs edilir. İclasda Avropa İttifaqının üzvü olan Rumıniya Prezidentinin iştirak etməsi də bir çox məqamlara aydınlıq gətirdi.

Prezident İlham Əliyev iclaslardakı nitqində də diqqəti öncə Rumıniya Prezidenti Klaus Yohannisin ölkəmizə rəsmi səfərinə yönəltdi və bildirdi ki, bu səfər Rumıniyanın enerji təhlükəsizliyi məsələlərinə böyük diqqət yetirdiyini nümayiş etdirir. Rumıniya Prezidentinin Azərbaycana səfəri, ölkə prezidentlərinin təkbətək və geniş tərkibdə görüşləri zamanı müzakirə olunan məsələlər, mətbuata bəyanatları, o cümlədən Klaus Yohannisin Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında yer alan fikirlər bir daha onu deməyə əsas verir ki, Azərbaycanın Avropa üçün önəmi daha da artır. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin uğurlu icrası, səylərin birləşdirilməsi fonunda görülən işlər yalnız dünyanın enerji təhlükəsizliyinin təminatı məsələsi deyil. Bu, Azərbaycanın artan nüfuzunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin, göstərilən etimadın təqdimatıdır. Bu layihələr ölkələri, xalqları bir araya gətirərək Azərbaycanın dostluq körpüsü kimi qazandığı imicə yeni əlavələr edir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.