İQTİSADİYYAT


Azərbaycanın enerji siyasəti ölkənin qlobal enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirib

Bakı, 15 sentyabr, AZƏRTAC

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılan enerji siyasəti “Əsrin müqaviləsi” ilə dünyanın ilk neft hasilatçılarından olan Azərbaycanı beynəlxalq enerji bazarlarında birbaşa iştirakçıya çevirdi. Beləliklə, 26 il əvvəl dünyanın müxtəlif ölkələrini təmsil edən şirkət nümayəndələri Bakıda bir araya gələndə çox azları düşünürdü ki, qısa müddətdən sonra Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan aparıcı ölkələrdən birinə çevriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat qeyd edib ki, müqavilənin operatoru kimi çıxış edən BP şirkəti ən çox paya malik idi: ingilislər 34,1 faiz paya sahib ola bilmişdilər. Qalan paylar digər iştirakçı şirkətlər arasında bölüşdürülmüşdür: “Chevron-Texaco” (10.2 faiz), “Lukoil” (10 faiz), ARDNŞ (10 faiz), “Statoil” (8.6 faiz), “ExxonMobil” (8 faiz), TPAO (6.8 faiz), “Devon Energy” (5.6 faiz), “Itochu” (3.9 faiz), “Amerada Hess” (2.7 faiz). Dünyanın 7 ölkəsinə mənsub olan 11 neft şirkəti sonradan bir araya gələrək konsorsium yaradaraq Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə birlikdə Xəzər dənizinin Azərbaycan sektorunda olan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin müştərək işlənməsi haqqında müqavilə imzaladılar. Saziş çərçivəsində 20 milyard dollar investisiya neft sektoruna yönəldilib və 6,5 milyard bareldən artıq neft hasil edilməsi proqnozlaşdırılırdı. Müqavilə çərçivəsində “Çıraq” neft yatağından hasil edilən neftin ixracına 1999-ci ildə başlanılıb. Əvvəlcə 4 platformadan ümumi olaraq gündə 674 min barel neft ixrac edilməyə başlanılıb ki, bunun da 131 min bareli “Çıraq”, qalanı isə “Azəri” yatağında hasil edilib. Yeni əsrdən isə Azərbaycan “Bakı-Tbilisi-Ceyhan” neft kəməri ilə neft ixracını gündəlik olaraq 1 milyon bareldən çox artırmağa nail olub. “Əsrin müqaviləsi” sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dək sazişin imzalanması ilə davam etdirildi.

“Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlərdən biridir. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları investisiya qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilib. Nəhayət, 1999-cu ilin dekabrında Azərbaycanın “mənfəət nefti” ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı.

Nəticədə enerji resursları ölkəmiz üçün yalnız dövlət gəlirlərinin artması mənbəyi deyil, həmçinin ciddi geosiyasi alətə çevrildi. Azərbaycan artıq dünya enerji təhlükəsizliyinə töhfə vermiş ölkələrdən sayılır. Digər maraqlı nüans olaraq qeyd etmək istərdik ki, qlobal arenada enerji təchizatçısı kimi Azərbaycanın müstəqil beynəlxalq siyasət həyata keçirmə imkanları möhkəmləndi. Geosiyasi mövqelərimizin güclənməsi ilə yanaşı bu müqavilə, eyni zamanda, Azərbaycan iqtisadiyyatına, əhalinin sosial rifahına ciddi pozitiv təsirlər göstərdi. “Əsrin müqaviləsi” ilk olaraq ölkənin beynəlxalq etibarını ciddi şəkildə artırmaqla xarici investisiya axınlarını sürətləndirdi. Bu investisiyaların böyük bir qismi enerji sektoruna yönəlsə belə, sözügedən sərmayələr ölkə iqtisadiyyatının digər sferalarına və işsizlik kimi sosial problemlərə müsbət mənada təsirsiz deyildi”, - deyə deputat qeyd edib.

Diqqətə çatdırılıb ki, 1994-cü ildən başlayaraq Azərbaycan qlobal enerji bazarının ən böyük aktyorları ilə rəsmi şəkildə əməkdaşlığa başladı. 1995-ci ildən başlayaraq tərəqqi meyilləri müşahidə edildi. Əgər ölkə iqtisadiyyatı 1994-cü ildə 11,8 faiz kiçilmişdisə, 1995-ci ildə 1,3 faiz artım dərin depressiyanın sonu oldu. Təbii ki, hələ sürətli inkişaf dövrü qarşıda idi və Azərbaycan nefti ilk dəfə 2005-ci ildə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə dünya bazarlarına çıxacaq və külli miqdarda neft gəlirləri ölkənin inkişafında, infrastrukturun bərpasında və sosial imkanların genişlənməsi-büdcə gəlirlərinin artmasında ciddi rol oynayacaqdı. “Əsrin müqaviləsi”nin davamı və onun yaratdığı imkanlar kontekstində 2017-ci ildə Azərbaycan daha bir strateji layihəyə imza atdı. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası 2050-ci ilədək ölkəmizin neft hasilatının stabil şəkildə davam etdirilməsini, dövlət gəlirlərinin artırılmasını və eləcə də qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatını formalaşdırmaqdadır.

“Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi üzrə sazişin uzadılmasında diqqətçəkən bir məqam da odur ki, qlobal investorlar artıq tam əmindirlər, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə investisiyalar üçün etibarlı və təhlükəsiz ölkə hesab olunur. “Əsrin müqaviləsi”nin Azərbaycanın milli maraqlarına tam cavab verməsi ilə yanaşı, “Yeni Əsrin müqaviləsi” ölkəmizin müasir iqtisadi gücünə uyğun olaraq şərtlərin daha yaxşılaşdırılmasına imkan yaratdı. “Əsrin müqaviləsi” ilə “Yeni Əsrin müqaviləsi”nin müqayisəsi və eyni zamanda, bu sazişin Azərbaycan iqtisadiyyatına, eləcə də regionda dövlətimizin mövqeyinə təsirlərini qiymətləndirən zaman bir məqama diqqət ayırmaq lazımdır ki, 1994-cü ildə ölkəmizin iqtisadiyyatı və eləcə də iqtisadi gücü tamamilə fərqli idi. Bu gün isə Azərbaycan artıq regionun ən inkişaf etmiş ölkəsidir. Azərbaycan regional proseslərə təsir imkanlarına malik olan dövlətdir. 1994-cü ildə Azərbaycan iqtisadiyyatının kiçik olmasına baxmayaraq bağlanan “Əsrin müqaviləsi”ndə ölkəmizin maraqlarını qorumaq mümkün oldu. O zaman Azərbaycanın ümumi daxili məhsulunun həcmi 374 milyon manat idi. Ötən müddətdə ümumi daxili məhsulun həcmi 161 dəfə artıb. Buna baxmayaraq “Əsrin müqavilə”sində öz dövlət və milli maraqlarımıza uyğun olaraq şərtlər xarici şirkətlərlə razılaşdırıldı. Bu da, birbaşa ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində mümkün oldu ki, Azərbaycan o zaman zəif ölkə olmasına baxmayaraq “Əsrin müqaviləsi”ni öz maraqları çərçivəsində hazırlayıb imzalaya bildi.

İndi artıq Azərbaycan tamamilə fərqli mövqedədir, iqtisadiyyatı inkişaf edir. Ölkəmizin iqtisadiyyatı 1994-cü illə müqayisədə xeyli inkişaf edib. Bu kontekstdə “Yeni Əsrin müqaviləsi” Azərbaycana 3,6 milyard dollar bonusu əldə etmək imkanı verəcək. Qeyd etdiyim kimi, 1994-cü ildə Azərbaycanın dövlət gəlirləri çox az idi. O zaman imzalanan “Əsrin müqaviləsi”nə əsasən, Azərbaycana xarici şirkətlər tərəfindən 300 milyon dollar bonus ödənilmişdi. Ötən müddət iqtisadiyyatımızın inkişaf etməsi və Azərbaycanın mövqeyinin daha da güclənməsi əldə edilən bonusun həcminin 12 dəfə artmasına gətirib çıxartdı ki, bu da nəticə etibarilə ölkəmizə xarici valyutanın daxil olması baxımından vacibdir.

V.Bayramov bildirib ki, “Yeni Əsrin müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 40 milyard dollar investisiya qoyulacaq. Bu, həm neft sektorunun inkişafı baxımından vacibdir, eyni zamanda, neft sektoruna yardımçı sahələrin, hətta qeyri-neft sektorunun inkişafını stimullaşdıran bir amildir. Çünki bütün hallarda neft sektoruna yönəldilən investisiya həm də qeyri-neft sektorunun inkişafı üçün bir maliyyə təminatı formalaşdırır.

Yeni anlaşmada xüsusi vurğulanmalı məqamlardan biri də Azərbaycan dövlətinin əldə edəcəyi bonusdur. 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanan zaman da bonusun ödənilməsi nəzərdə tutulmuşdu və daha sonra Azərbaycan hökumətinə 300 milyon dollar ödənildi. Amma təbii ki, bonus birdəfəlik ödənilmir. Razılaşmaya əsasən, müqavilə imzalandıqdan sonra, bonusun müəyyən hissəsinin, daha sonra isə işlər görüldükcə mərhələli şəkildə qalan hissəsinin dövlət büdcəsinə ödənilməsi həyata keçirilir. İndiki bonusun məbləği isə 23 il əvvəlkindən 12 dəfə çoxdur - 3,6 milyard dollar. Adətən müqavilə bağlandıqdan sonra bonusdan ilkin tranş verilir, daha sonra isə müqavilədə nəzərdə tutulan fəaliyyətlərə uyğun olaraq tranşlar formasında ödənilir. Bu əvəzsizdir, onun nə mənfəət neftinə və ya neftin satışına hər hansı aidiyyəti yoxdur. Mövcud faiz bölgüsü, həm hökumətə, həm də şirkətlərə sərf edir. Sazişdə Azərbaycanın mənfəət neftinin səviyyəsinin 75 faiz nəzərdə tutulması isə imkan verəcək ki, hasilatın pay bölgüsündə mövcud səviyyəni qoruyub saxlaya bilsin. Bu, əldə edilən mənfəətin hər 100 dollarından 75-nin Azərbaycan dövlətinə çatması anlamına gəlir. Faizlər elə olmalıdır ki, o, həm hasilatda iştirak edən şirkətlər, həm də Azərbaycan dövləti üçün məqbul olsun. Hasilatın əvvəlki pay bölgüləri matriks formasında həyata keçirildiyi üçün, fərqli faizlər vardı və ən yüksəyi isə 75 faiz idi. Azərbaycan hökuməti də yeni Sazişdə həmin payı qoruyub saxlaya bilib. Təhlillər göstərir ki, 75/25 faiz nisbəti hamı üçün məqbul variantdır. Çünki hazırda dünya bazarında neftin qiyməti nisbətən aşağıdır. Neft sektoru 3-4 il əvvəl olduğu kimi rentabelli deyil, rentabellik xeyli azalıb. Buna rəğmən, 75/25 faiz nisbəti həm şirkətlərdə fəaliyyət üçün stimul verir, həm də Azərbaycan hökumətinə satılmış neftdən əldə edilən gəlirin 75 faizinə sahib olmaq imkanı yaradır ki, bu da çox məqbuldur. Bundan əlavə, SOCAR da pay sahibi kimi yerdə qalan mənfəətin 25 faizini əldə edəcək. Enerji resurslarının çıxarılması qısa müddət ərzində ölkə iqtisadiyyatının sürətlə böyüməsinə və maliyyə imkanlarının genişlənməsinə səbəb olub. Xüsusilə də 2004-2006-cı illərdə Azərbaycan iqtisadi artım sürəti ilə bütün dünya ölkələrini geridə qoydu. Postsovet dövrünün ilk illərini xarakterizə edən ciddi maliyyə qıtlığı aradan qaldırıldı, ölkə iqtisadiyyatının digər sektorlarına da kütləvi investisiya axını başlandı. Təbii ki, məhz neft hasilatının artımı və onun dünya bazarlarına birbaşa çıxışı çökmüş iqtisadiyyatın sürətli inkişafı üçün əsas amillərdən biri oldu. Əgər başlanğıcda neft ÜDM-nin artımı iqtisadi tərəqqinin əsas dəstəkləyicisi idisə, sonrakı dövrlərdə aparılan iqtisadi islahatlar qeyri-neft ÜDM-nin də inkişafını stimullaşdırdı.

“Beləliklə, Azərbaycan bu gün azsaylı ölkələrdən biridir ki, enerji resurslarını ölkənin sosial-iqtisadi inkişafı məqsədilə ciddi avantaja çevirə bilib. Əlbəttə ki, bu strategiyanın əsası 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması ilə qoyulub. Bu müddət ərzində hökumətin həyata keçirdiyi müstəqil enerji siyasəti ölkənin qlobal enerji təhlükəsizliyində oynadığı rolu daha da möhkəmləndirməklə yanaşı, xalqın maraqlarını, dövlətin təhlükəsizliyini və regionun inkişafını da göz ardı etməyib. Hazırda isə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar və iqtisadiyyatın diversifikasiya etdirilməsi proqramlarını postneft dövrünə hazırlıq kimi qiymətləndirmək olar. Baxmayaraq ki, ölkənin enerji resursları kifayət qədər böyükdür və bu, uzunmüddətli inkişaf proqramlarının reallaşdırılmasına imkan verir, Azərbaycanın erkən hazırlıqları sadəcə prosesin daha kompleks şəkildə idarə edilməsini şərtləndirir”, - deyə deputat vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.