CƏMİYYƏT
Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəyə həsr edilən “Əsrin qəhrəmanlığı” abidəsinin açılışı olub
Bakı, 25 noyabr, AZƏRTAC
Noyabrın 25-də “Azərbaycan Respublikası Müharibə Veteranları və Beynəlmiləlçi Hərbçilər” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi hissələrinin ölkəmizin mənafeyi, ərazi bütövlüyü və müstəqilliyinin təmin edilməsi uğrunda fədakarlığının təbliği” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Respublika Veteranlar Təşkilatında keçirilən tədbirdə Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbirdə layihə rəhbəri, İctimai Birliyin sədri, Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi Əzizağa Qənizadə çıxış edərək bildirib ki, məqsəd ən yeni hərb tariximizdə baş vermiş döyüşlərdə, o cümlədən Kəlbəcər uğrunda hərbi əməliyyatlarda 701 saylı hərbi hissənin döyüşçülərinin qəhrəmanlıqlarını təbliğ etmək, onların igidliklərini gənc nəslə aşılamaq, böyüməkdə olan nəsli hərbi vətənpərvərlik ruhunda tərbiyə etməkdir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri, ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev və digərləri çıxışlarında gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsində belə layihələrin önəmini yüksək qiymətləndiriblər.
Sonra layihə çərçivəsində hazırlanan, Əzizağa Qənizadənin ideya müəllifi olduğu “Əsrin qəhrəmanlığı” abidəsinin açılışı olub. Tədbirdə, həmçinin kütləvi qəhrəmanlıq səhnəsini əks etdirən “Kəlbəcərin müdafiəsi (701-ci briqada)” rəsm əsərinin də təqdimatı keçirilib.
Rəssam və heykəltəraş Natiq Camal Əfşarın hazırladığı “Əsrin qəhrəmanlığı” abidəsi Vətən uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsinə həsr edilib.
Tədbirin sonunda “Mühasirə” adlı qısametrajlı sənədli film nümayiş olunub.