SİYASƏT


Azərbaycanın ərazi bütövlüyünün Brüssel görüşündə tanınmasının əhəmiyyəti – ŞƏRH

Azərbaycanın ərazi bütövlüyünün Brüssel görüşündə tanınmasının əhəmiyyəti –  ŞƏRH

Bakı, 22 may, AZƏRTAC

Mayın 14-də Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidentinin və Ermənistan baş nazirinin görüşü keçirildi. Brüssel formatının bərpası, üçtərəfli danışıqda Ermənistanın Aİ platformasında Qarabağı Azərbaycanın ərazisi kimi tanıması ölkəmiz üçün əhəmiyyətli olmaqla yanaşı, regionda sülhün təmini istiqamətində də mühüm addımdır. Liderlərin 1991-ci ilin Alma-Ata Bəyannaməsinə və Ermənistanın 29,8 min kvadratkilometr və Azərbaycanın 86,6 min kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etmələri Azərbaycan diplomatiyasının növbəti tarixi qələbəsidir.

Bu fikirlər Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri Əfqan Vəliyevin “Azərbaycanın ərazi bütövlüyünün Brüssel görüşündə tanınmasının əhəmiyyəti” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Keçən ilin avqustunda Brüsseldə keçirilmiş sonuncu üçtərəfli görüşdən sonra bu formatda danışıqlar aparılmamışdı. Buna səbəb isə ötən ilin oktyabrında Praqada keçirilmiş görüşdən sonra Fransanın Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edən tərəf kimi danışıqlar prosesinə daxil olmaq istəməsi idi. Bundan əlavə, Ermənistanın baş naziri 2022-ci il noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmədi. Nikol Paşinyan həmin görüşə yalnız Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə biləcəyi şərtini irəli sürmüşdü. Buna görə də, 2022-ci ilin dekabrın 7-də Brüsseldə keçirilməsi nəzərdə tutulan növbəti Əliyev-Paşinyan görüşü də baş tutmamışdı. Ermənipərəst mövqeli Emmanuel Makronun müdaxilələrinə və Ermənistanın israrla Fransanın prosesə qoşulması tələbinə baxmayaraq, Azərbaycan Prezidentinin qətiyyətli mövqe nümayiş etdirməsi nəticəsində N.Paşinyanın mayın 14-də keçirilən danışıqlara qayıtmış olması Azərbaycanın diplomatik uğurudur.

Brüssel görüşünün gündəliyi və danışıqların əsas istiqaməti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinə doğru növbəti addımların atılması, kommunikasiyaların açılması, humanitar məsələlər, o cümlədən ölkəmizə qarşı mina terroru, itkin düşənlərin taleyi və digər məsələlər idi.

Ümumilikdə götürəndə Azərbaycanın Avropa İttifaqı ilə olan müsbət inkişaf dinamikasının vəziyyəti, ittifaqın təşkilatçılığı və vasitəçiliyi ilə keçirən Brüssel formatı Azərbaycan üçün də məqbul platformadır. Şarl Mişel Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması istiqamətində vasitəçi rolundan daha çox dialoq və ictimai diplomatik münasibətdən yanadır. Aİ-nin yanaşması iki ölkə arasındakı münasibətlərin normallaşması istiqamətində mühüm təqdirəlayiq addım kimi qiymətləndirilə bilər. Bu, eyni zamanda, qurumun prosesin uğurla nəticələnməsində səmimi olduğunu söyləməyə əsas verir. Şarl Mişelin 4 saatlıq danışıqlardan sonra mətbuata verdiyi bəyanatlar da tərəflər arasında kifayət qədər ciddi müzakirələr və nəticələrin olduğunu göstərir. Aİ Prezidentinin mətbuata bəyanatına istinad edərək Azərbaycanın uğurlu nəticələri kimi aşağıdakıları göstərə bilərik.

Danışıqlar zamanı Ermənistan tərəfinin 1975-ci ilin xəritələrini qeyd etməkdə israr etməsinə baxmayaraq, Şarl Mişelin bəyanatında ancaq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu Alma-Ata Bəyannaməsinə istinad etməsi, Əliyev-Paşinyan görüşünün yekununda Azərbaycanın və Ermənistanın ərazi bütövlüyünə sadiqliyin təsdiqlənməsi. Bununla da Ermənistan Azərbaycanın ən azı 86.6 min kvadratkilometr ərazisini tanımaqla Qarabağın Azərbaycan ərazisi olduğunu rəsmən və açıq şəkildə təsdiqlədi. Şarl Mişelin bəyanatında Laçın yolunun başlanğıcında, Ermənistan-Azərbaycan sərhədində sərhəd-buraxılış məntəqəsinin qurulmasına dair heç bir qeydin olmaması, yeni reallıqların beynəlxalq ictimaiyyət tərəfindən də qəbul edilməsi, ermənilərin uydurma blokada etirazı artıq beynəlxalq aləm tərəfindən ciddi qəbul görmədi. Görüşdə, həmçinin Şarl Mişelin bəyanatında yalnız Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinə vurğu edilməsi, Bakının bu qrup insanla açıq dialoqundan danışması, artıq Qarabağdakı erməni əhalinin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də Azərbaycan vətəndaşları hesab olunması vurğulandı. Bundan əlavə, Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması məsələsi Şarl Mişelin bəyanatının növbəti vacib bəndindən biri idi. Aİ Prezidenti Zəngəzur dəhlizinin dəmir yolu hissəsinin açılması ilə bağlı irəliləyiş olduğunu, həmçinin kommunikasiyalarla bağlı tərəflər arasında regionda nəqliyyat və iqtisadi əlaqələrin açılmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə olduğunu qeyd etdi.

Zəngəzur dəhlizinin reallaşması ideyasının dəstəklənməsi və zəruriliyinin qəbul olunması

Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində 32 ildir Azərbaycanla Naxçıvanı birləşdirən yol bağlanıb. Zəngəzur dəhlizi Azərbaycan qədər Ermənistanın və digər region dövlətlərinin siyasi, sosial və iqtisadi baxımdan inkişaf və rifah əldə etməsində mühüm strateji əhəmiyyətə malikdir. Bu məsələ bəyanatda da əksini tapıb. Liderlər komandalarına dəmir yolu əlaqələrinin açılması və konkret vaxt cədvəli ilə zəruri tikinti işlərinin birlikdə aparılması istiqamətində prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırığı veriblər. Onlar, həmçinin bu işdə Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə məsələsini də qeyd ediblər. Açıqlanan bəyanatda iki ölkə arasında humanitar məsələlər, saxlanılan şəxslərin azad edilməsi, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi, ərazilərimizin minalarla çirkləndirilməsi və sair mövzularla əlaqəli müzakirələrin Brüssel formatında keçiriləcək növbəti görüşlərdə davam etdirilməsinin qərarlaşdırılması tərəflər arasında qarşılıqlı dialoq mühitində problemlərin həllinə yönəlik addımdır.

Brüssel görüşündəki ən mühüm məqamlardan biri də sülh danışıqlarının başlamasından bir neçə gün əvvəl şərti sərhəddə Ermənistanın təxribat törətməsi oldu. Ermənistan bu addımla yeni münaqişə yaradaraq Azərbaycanın regiona davamlı sülh vəd edən təşəbbüslərinə qarşı hər hansı alternativ təqdim edə bilməməsini göstərdi. Bu, eyni zamanda, Azərbaycanın əsaslı arqumentlərinin Avropa İttifaqı platformasında da təsdiqlənməsi deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.