SİYASƏT


Azərbaycanın ərazi bütövlüyünün bərpası region üçün müsbət dəyişikliklərə səbəb olacaq

Tbilisi, 15 fevral, AZƏRTAC

Fevralın 15-də Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Estoniyanın bu ölkədəki səfiri xanım Riina Kalyurand ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Azərbaycan səfirliyindən bildirilib.

Qeyd edilib ki, Faiq Quliyev estoniyalı həmkarına Azərbaycanın təşəbbüsü və birbaşa iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri barədə ətraflı məlumat verib.

Diplomat, həmçinin Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığından danışıb, bu münasibətlərin hər iki xalqın rifahına xidmət etdiyini və bütün Cənubi Qafqaz bölgəsində dayanıqlı inkişafı təmin edən əsas təkanverici amil olduğunu diqqətə çatdırıb. Söhbət zamanı Cənub Qaz Dəhlizinin istifadəyə verilməsinin əhəmiyyəti və bu layihənin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə olduğu vurğulanıb.

Bölgədəki təhlükəsizlik mənzərəsinə toxunan səfir F.Quliyev 30 ilə yaxın müddət ərzində ölkəmizə qarşı davam edən təcavüz, onunla əlaqədar qəbul edilmiş, lakin yerinə yetirilməmiş beynəlxalq sənədlər barədə dolğun məlumat verib. 44 günlük Vətən müharibəsinin səbəbləri və mahiyyəti barədə danışan diplomat, torpaqlarımızın işğalına son qoyulmasının, ərazi bütövlüyümüzün bərpa olunmasının nəinki təkcə Azərbaycan, bütün region üçün müsbət dəyişikliklərə gətirəcəyini xüsusi qeyd edib.

Söhbət əsnasında xanım R.Kalyurand ölkəsinin Cənubi Qafqaz ölkələri ilə münasibətlərin inkişaf etdirilməsinə diqqət yetirdiyini bildirib.

Onun sözlərinə görə, bölgədə cərəyan edən proseslər və yaranan yeni mənzərə Estoniya tərəfindən də diqqətlə izlənilir və onun ölkəsi regional əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır.

Görüşdə, həmçinin bu cür məhsuldar təmasların davam etdirilməsinin vacibliyi qeyd olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.