İDMAN
Azərbaycanın futbol üzrə yığma komandası Filippin komandası ilə yoldaşlıq oyununda 1:0 hesabı ilə qalib gəlmişdir [YENİLƏNİB] VİDEO
Dubay, 5 mart (AZƏRTAC). Dubayda Azərbaycanın və Filippinin yığma futbol komandaları arasında yoldaşlıq oyunu olmuşdur.
Oyun “Əl-Şəbab” stadionunda keçirilmişdir. Komandalar aşağıdakı heyətlərdə meydana çıxmışlar:
Azərbaycan - Kamran Ağayev, Bədəvi Hüseynov, Elnur Allahverdiyev, Qara Qarayev, Elvin Yunuszadə, Ruslan Əmircanov, Ruslan Abışov, Tuğrul Erat, Vaqif Cavadov, Rüfət Dadaşov, Rauf Əliyev.
Filippin - Patrik Deyto, Xuan Quirado, Simone Rota, Ceffri Kristians, Rob Giyer, Cerri Luçena, Ştefan Şrek, Martin Ştoybl, Misaq Baxadoran, Fil Yanqxazbend, Xavyer Patino.
Oyunun ilk 15 dəqiqəsi Azərbaycan futbolçularının üstünlüyü ilə keçmişdir. Filippinlilərin nadir əkshücumları Azərbaycan yığmasının qapısı üçün təhlükə yaratmamışdır. Oyunun ortalarında Azərbaycan komandası daha fəal hücuma keçərək 26-cı dəqiqədə uğur qazanmışdır. Vaqif Cavadovun küncdən vurduğu topu Elvin Yunuszadə başı ilə rəqibin qapısına vurmuşdur. Azərbaycan yığması 1:0 hesabı ilə irəli çıxmışdır.
İkinci hissə filippinlilərin hücumu ilə başlanmışdır. İlk 20 dəqiqədə Filippin futbolçuları bir neçə dəfə qəti hücuma keçmişlər. Oyunun əsas vaxtının qurtarmasına 13 dəqiqə qalmış Azərbaycan yığmasının futbolçuları təşəbbüsü ələ almışlar. Onlar rəqiblərin qapısı önündə bir neçə təhlükəli vəziyyət yaratmış, lakin topu qapıdan keçirə bilməmişlər.
Qalan vaxtda da oyunda hesab dəyişməmiş və nəticədə Azərbaycan yığması 1:0 hesabı ilə qalib gəlmişdir.
_ _ _ _
20:55
Dubayda “Əl-Şəbab” stadionunda Azərbaycanın və Filippinin yığma futbol komandaları arasında yoldaşlıq oyunu başlanmışdır.
Azərbaycan yığmasının tərkibində meydana Kamran Ağayev, Bədəvi Hüseynov, Elnur Allahverdiyev, Qara Qarayev, Elvin Yunuszadə, Ruslan Əmircanov, Ruslan Abışov, Tuğrul Erat, Vaqif Cavadov, Rüfət Dadaşov, Rauf Əliyev çıxmışlar.
Anar Nəzirov, Rəşad Sadiqov, Cihan Özkara, Cavid Hüseynov, Abdulla Abatsiyev, İlkin Qırtımov, Araz Abdullayev ehtiyatdadırlar.
Oyunda Filippinin yığma komandasının tərkibində Patrik Deyto, Xuan Quirado, Simone Rota, Ceffri Kristians, Rob Giyer, Cerri Luçena, Ştefan Şrek, Martin Ştoybl, Misaq Baxadoran, Fil Yanqxazbend, Xavyer Patino yer almışlar.
Mark Xartmann, Oj Porterio, Kris Qreytviç, Anton del Rosario, Ceyson de Yonq, Amani Akinaldo, Patrik Rayxalt, Kenşiro Daniels, Ruben Diktora ehtiyatdadırlar.
Oyunun baş hakimi Fahad Banihamməddir (BƏƏ).