Azərbaycanın gələcəyi gənclərdən asılıdır
AzerTAg.az
Bakı, 2 fevral, AZƏRTAC
Artıq 28 ildir ki, fəaliyyət göstərən və əsas missiyası vətəndaş cəmiyyətinin formalaşmasında gənclər təşkilatlarının rolunun artırılması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə bir sıra tədbirlər keçirib.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi ölkənin aparıcı və fəal gənclər təşkilatlarının iştirakı ilə uğurlu gənclər siyasətinin icra edilməsində Ulu Öndər Heydər Əliyev irsinin təbliği və Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi istiqamətində müzakirələrin aparılması olub.
Əvvəlcə yanvarın 31-də “Gənclər təşkilatları: yeni çağırışlar” mövzusunda 200-dən çox gəncin, gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin, həmçinin dövlət rəsmilərinin iştirakı ilə Forum təşkil edilib.
Qeyd olunub ki, Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun tərəfdaşlıqları ilə keçirilən Forum çərçivəsində rəsmilərin iştirakı ilə aidiyyəti istiqamətlərdə müzakirələr olunub və gənclər təşkilatlarının təklifləri dinlənilib.
Rəsmi hissə yekunlaşdıqdan sonra gənclər siyasətinin müxtəlif aspektlərini özündə cəmləşdirən mövzularda təqdimatlar edilib və müvafiq istiqamətlər üzrə müzakirələrlə Forum işini yekunlaşdırıb.
Sonra adı Ümummilli Lider Heydər Əliyevlə bağlı olan gənclər günündə “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən də bu gün Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır” sözlərinin müəllifi Ulu Öndər Heydər Əliyevin, həmçinin şəhidlərimizin əziz xatirəsi gənclər təşkilatlarının iştirakı ilə Fəxri xiyabana və Şəhidlər xiyabanına yürüş təşkil edilərək yad edilib.





Xəbərin mətnində orfoqrafik səhv var