ELM VƏ TƏHSİL


Azərbaycanın gənc alimi Tatarıstan türkoloqları qarşısında məruzə ilə çıxış edib

Bakı, 11 dekabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, "Türkologiya" jurnalının məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Elçin İbrahimov Tatarıstan Respublikası Elmlər Akademiyasının Dil, Ədəbiyyat və İncəsənət İnstitutunda “Türkologiya” jurnalı və Azərbaycanda türkoloji araşdırmalar” mövzusunda məruzə ilə çıxış edib.

O, çıxışında “Türkologiya” jurnalının tarixindən söz açıb, jurnalın fəaliyyət istiqamətləri və əhatə etdiyi mövzular, beynəlxalq aləmdə tanıdılması istiqamətində görülən işlər barədə geniş məlumat verib. Məruzəçi qeyd edib ki, akademik Kamal Abdullanın jurnala baş redaktor təyin edilməsindən sonra görülən işlər artıq öz bəhrəsini verib. Bu gün jurnalda dünyanın bir çox ölkələrindən göndərilən sanballı elmi məqalələr dərc olunur. Jurnal artıq MLA, SAJI, SIS, TEI, SOBIAD, CIF kimi beynəlxalq indekslərə salınıb.

Daha sonra E.İbrahimov Azərbaycanda aparılan türkoloji tədqiqatlar haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, bu gün AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu türk dillərinin tədqiqi sahəsindəki keçmiş ənənələri davam etdirməklə yanaşı, dünya türkoloji mərkəzləri və qurumları ilə əlaqələr qurur, yaxından əməkdaşlıq edir.

Tədbirdə çıxış edən türk dünyasının tanınmış alimi, akademik Mirfatih Zəkiyev "Türkologiya" jurnalının fəaliyyətini yüksək qiymətləndirib və jurnalın hər sayının nəşrini maraqla gözlədiyini deyib: "Akademik Kamal Abdullanın jurnalın baş redaktoru təyin edilməsi jurnalın dünya standartları səviyyəsində çap olunmasına öz töhfəsini verməkdədir. Əminəm ki, gənc həmkarımız Elçin İbrahimovun jurnala məsul katib təyin olunması Azərbaycanda türkoloji araşdırmaların daha da canlanmasında vacib rol oynayacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.