MƏDƏNİYYƏT


Azərbaycanın gənc istedadı “San Remo Junior” beynəlxalq musiqi müsabiqəsində ölkəmizi layiqincə təmsil edib

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycanın gənc istedadı “San Remo Junior” beynəlxalq musiqi müsabiqəsində ölkəmizi layiqincə təmsil edib.

Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması üzrə “hücum taktikası” tövsiyəsini rəhbər tutaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aprelin 16-22-də İtaliyanın San-Remo şəhərindəki məşhur “Teatro Ariston” konsert zalında keçirilmiş gənc istedadların iyirminci “San Remo Junior” beynəlxalq musiqi müsabiqəsində azərbaycanlı gəncin iştirak etməsi üçün Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının yaxından köməyi ilə müvafiq araşdırma aparılıb.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a bildiriblər ki, seçim nəticəsində tədbirdə Azərbaycan Respublikasını Bakı şəhərinin T.Quliyev adına 12 nömrəli onbirillik Musiqi və Bakı Oksford məktəblərinin şagirdi, Prezident təqaüdçüsü 12 yaşlı Hüseynova Fidan Yaqub qızının təmsil etməsi məqsədəuyğun hesab olunub. Müvafiq prosedur məsələlər həll edildikdən sonra təmsilçimiz İtaliyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib. Fidan Hüseynovanın ifa etdiyi “Tell Me Why” mahnısı müharibələrin günahsız qurbanları, həmçinin Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşmüş, valideynlərini itirmiş, əlil olmuş uşaqlara həsr olunmuş videokompozisiya ilə müşayiət edilib.

16 ölkənin istedadlı gənclərinin iştirak etdiyi, o cümlədən Ermənistan nümayəndəsinin də qatıldığı və gərgin rəqabət şəraitində keçən ikimərhələli müsabiqədə Azərbaycan təmsilçisi münsiflərin yekdil qərarı ilə üçüncü yerə layiq görülüb.

Ölkəmizin bu mötəbər tədbirdə iştirakı İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti, Milan Konservatoriyasının müəllimi Mais Nuriyevin təklifi əsasında baş tutub. Müsabiqədə təmsilçimizin təsirli ifası tədbirin tamaşaçısı olan dünyanın tanınmış müğənniləri, prodüser və kino ulduzlarında böyük təəssürat yaradıb, İtaliya ictimaiyyətində geniş rezonans doğurmaqla Azərbaycanın və onun mədəniyyətinin təbliğinə öz töhfəsini verib.

Müsabiqədə Azərbaycan nümayəndə heyətini Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşı müşayiət edib.

“Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabına” düşmüş Fidan Hüseynovanı ölkəmizi bu mötəbər beynəlxalq musiqi yarışmasında layiqli təmsil etdiyinə görə bir daha səmimi qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları diləyirik”, - deyə Dövlət Komissiyasının məlumatında bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.