MƏDƏNİYYƏT


Azərbaycanın gənc rəssamlarının əsərləri Polşada nümayiş etdiriləcək

Bakı, 16, AZƏRTAC

“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzi 2010-cu ildən etibarən Azərbaycan mədəniyyətinin təbliği məqsədilə müxtəlif ölkələrdə gənc rəssamlarımızın əsərlərindən ibarət sərgilər keçirir. İndiyədək Xarici İşlər Nazirliyinin dəstəyi ilə Sofiya, Brüssel, Vena, Paris, London, Roma, Bern, Milan, Budapeşt, Praqa və Vaterloo şəhərlərində sərgilər təşkil olunub.

“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, may ayında isə ənənəvi sərgi Azərbaycan Polşadakı səfirliyinin təşkilatçılığı ilə Varşavada keçirilir. 28 May-Respublika Gününə həsr edilən sərgi mayın 22-də Varşavanın Kral sarayında açılacaq. Sərgiyə, həmçinin Polşanın ölkəmizdəki səfirliyi təşkilatı dəstək verir.

Azərbaycandan 18 nəfərdən ibarət nümayəndə heyəti sərgidə iştirak etmək üçün mayın 20-dən 27-dək Polşada səfərdə olacaq. Sərgidə 8 rəssamın 35 əsəri nümayiş etdiriləcək. Onların sırasında Aybəniz Zeynalovanın “Xalça dükanı”, Aysun Həsənovanın “Pyero”, Aynel Sarıyevanın “Güllərlə natürmort”, Qəmər Ağazadənin “Samovar”, Eleonora Fərəcovanın “Bakıda yaz”, Nurəddin Yaqubovun “Pas”, Kəmalə Cəfərzadənin “Suyun şəfqəti” və Vüsalə Abbasovanın “Qədim qəfədan” və digər əsərlər yer alacaq. Sərginin təşkili humanitar və mədəni əməkdaşlığın inkişafı, xarici ölkə xalqlarının mədəniyyətimiz və tariximizlə tanış olması baxımından əhəmiyyət daşıyır.

Sərginin sonunda iştirakçı rəssamlara səfirlik tərəfindən sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, sərgilərin keçirilməsində məqsəd Azərbaycanın gənc rəssamlarının istedadını nümayiş etdirmək, onların yaradıcılıq imkanlarının genişlənməsinə şərait yaratmaq və inteqrasiya baxımından mədəniyyətlərarası dialoqun vacibliyini vurğulamaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.