QAN YADDAŞI
Azərbaycanın gənc seysmoloqları “Xocalını unutma” aksiyasına başlayıblar
Bakı, 22 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) gənc alim və mütəxəssisləri Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı “Xocalını unutma” aksiyasına başlayıblar. Bununla bağlı mərkəzdə tədbir keçirilib. Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin və Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
RSXM-in informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli çıxış edərək Xocalı faciəsinin 20-ci əsrin ən dəhşətli faciəsi olduğunu deyib. Bu faciənin törədilməsində keçmiş SSRİ rəhbərliyinin və ovaxtkı Azərbaycan hakimiyyətinin də məsuliyyət daşıdığını bildirən baş direktor bu qanlı faciənin xalqımızın yaddaşından heç vaxt silinməyəcəyini qeyd edib.
Faciənin dünyada tanıdılması ilə bağlı dövlətimiz və Heydər Əliyev Fondu tərəfindən xaricdə aparılan işlər barədə danışan Q.Yetirmişli, həmçinin deyib: “Artıq zaman dəyişib. Bu gün bizim güclü ordumuz, qüdrətli dövlətimiz və Ali Baş Komandanımız var. Aprel döyüşləri Azərbaycan ordusunun nəyə qadir olduğunu, ordumuzun gücünün tək erməniləri yox, onların havadarlarını da qorxuya saldığını göstərdi. Bu gün bizim ordumuz nəinki işğal altında olan torpaqlarımızı, hətta tarixi Azərbaycan torpaqlarını, İrəvan xanlığının yerləşdiyi yerləri də azad etməyə qadirdir. Əminik ki, Azərbaycan ordusu öz sözünü deyəcək və torpaqlarımız işğaldan azad olunacaq”.
Daha sonra mərkəzin gənc alim və mütəxəssisləri şurasının sədri Nərminə İsmayılova və şura üzvü Gülxanım Əsgərli Xocalı faciəsi ilə bağlı “Xocalı faciəsi gənclərin gözü” ilə mövzusunda çıxış edərək gənc seysmoloqların başladığı “Xocalını unutma” aksiyası haqqında danışıblar.
Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.