İQTİSADİYYAT
Azərbaycanın hava ərazisindən keçməklə tranzit uçuşların sayı artıb
Bakı, 3 sentyabr, AZƏRTAC
Bütün dünyada aviareyslərin sayının xeyli azaldılmasından sonra “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda hava hərəkətinin, o cümlədən Azərbaycan ərazisindən keçməklə tranzit uçuşların sayının artdığını müşahidə edir.
Heydər Əliyev Beynəlxalq Aeroportundan AZƏRTAC-a bildirilib ki, hazırda ölkənin hava məkanından ən çox istifadə edən xarici aviaşirkət “Türk Hava Yolları”dır. Koronavirus pandemiyası dövründə bu aviaşirkətin hava məkanından aylıq istifadə göstəricisi 95-ə düşdüyü halda, iyuldan başlayaraq artıb və 220-yə çatıb.
İkinci yerdə isə “Sinqapur Hava Yolları” şirkəti qərarlaşıb. Pandemiya dövründə bu aviaşirkət Azərbaycan üzərindən 100 uçuş həyata keçiribsə, iyuldan sonra 200-ə yüksəlib.
Həmçinin hava məkanımızdan aylıq istifadə göstəricisi “British Airways”də 75-dən 180-ə, “KLM”də 45-dən 180-ə, “AirFrance”da 5-dən 170-ə, “China Airlines”da 30-dan 140-a, “Eva Airways”də 80-dən 140-a, “Swiss International Airlines”da isə 60-dan 140-a çatıb.