İDMAN
Azərbaycanın həndbol komandalarının sonuncu təlim-məşq toplanışı başlayıb
Bakı, 20 aprel, AZƏRTAC
Həndbol üzrə kişi və qadınlardan ibarət yığma komandalarımızın növbəti təlim–məşq toplanışına start verilib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, “ABU Arena”da gündə iki dəfə olmaqla davam etdirilən hazırlıq prosesi çərçivəsində hər komandaya əvəzedicilər ilə birlikdə 20 idmançı qatılıb. On doqquz gün davam edəcək təlimlərdə idmançılar arasında seçim aparılacaq. Məqsəd mayda start götürəcək IV İslam Həmrəyliyi Oyunlarında daha güclü komanda ilə iştirak etməkdir.
Toplanış dövründə həndbolçularımız Rusiyanın “Rostov–Don”, Ukraynanın “Şaxtyor” komandaları ilə yoxlama oyunları keçirməyi planlaşdırırlar.
Mayın 5-də başa çatacaq təlim-məşq toplanışı IV İslam Həmrəyliyi Oyunları ərəfəsində sonuncu hazırlıq tədbiridir.