İDMAN
Azərbaycanın hərbçi güləşçiləri 32-ci dünya çempionatına qələbə ilə başlayıblar
Bakı, 20 sentyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Litvanın Klaypeda şəhərində keçirilən hərbçilər arasında güləş üzrə 32-ci dünya çempionatına start verilib.
AZƏRTAC xəbər verir ki, yarışın birinci günündə Azərbaycanın altı idmançısı mübarizəyə qoşulub. Belə ki, sərbəst güləşçilərimiz Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq) və qadın güləşçilərimizdən Türkan Nəsirova (48 kq) Tatyana Varantsova (53 kq) xalça üzərinə çıxıblar.
Ağahüseyn Mustafayev keçirdiyi iki görüşdən qalib ayrılıb. İdmançımız birinci görüşdə Ukrayna idmançısı, erməni əsilli Qor Aqanesyana 14:11 hesabı ilə qalib gəlib. O, ikinci görüşdə Polşa təmsilçisi David Tokunovu 16:6 hesablı ilə məğlub edib.
Coşqun Əzimov ilk qarşılaşmada iranlı Məhəmməd Kamanqaridan üstün olub - 8:3. Əfqan Xaşalov isə birinci görüşdə ukraynalı Andrey Yatsenkoya 10:5, digər görüşdə iranlı Məhəmməd Təhmasibiyə 5:4 hesabı ilə qalib gəlib.
Qalib Əliyev isə İran idmançısı Maliki Mahammadini 7:6, rusiyalı güləşçi Siurun Omakı 6:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Türkan Nəsirova isə amerikalı Somera Allaneni 11:0 hesabı ilə məğlub edib.
İlk görüşdə məğlub olan Tatyana Varantsova 3-5-ci yerlər uğrunda mübarizə aparacaq.