İDMAN
Azərbaycanın iki boksçusu dünya çempionatının finalına yüksəlib VİDEO
Bakı, 12 oktyabr, AZƏRTAC
Oktyabrın 12-də Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatının yarımfinal mərhələsinin növbəti görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, yarımfinalda mübarizə aparan üç boksçumuzdan ikisi finala vəsiqəni təmin edib.
Millimizin üzvü Elvin Məmişzadə (52 kq) yarımfinalda əlcəzairli Məhəmməd Flissi ilə döyüşdə vaxtından əvvəl - birinci raundda qalib gələrək dünya çempionatının finalına yüksəlməklə yanaşı, “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Onun finaldakı rəqibi kubalı İosbani Veytia olacaq.
Dünya və Avropa çempionu Albert Səlimov (60 kq) isə braziliyalı Robson Donato Konseysaoyla ilə üz-üzə gəlib. Boksçumuz dueldən qalib ayrılıb - 3:0. A.Səlimov da finalda kubalı boksçu ilə qarşılaşacaq. Onun rəqibi dünya çempionu Lazaro Alvares olacaq.
Birinci Avropa Oyunlarının qalibi Pərviz Bağırov (69 kq) isə dünya çempionu Daniyar Yeleusinovla (Qazaxıstan) görüşüb. Gərgin keçən qarşılaşma rəqibin üstünlüyü ilə yekunlaşıb. Beləliklə, idmançımız dünya çempionatını bürünc medalla başa vurub. Qazaxıstan təmsilçisi finalda qalib gələcəyi təqdirdə P.Bağırov Olimpiya Oyunlarına lisenziya əldə edəcək.
Ötən gün Azərbaycan milli komandasının üzvü Abdulqadir Abdullayev (91 kq) ilk dəfə çıxış etdiyi dünya çempionatında bürünc medalla kifayətlənib.
Xatırladaq ki, 52 kiloqram çəki dərəcəsində finalçılar, 60 və 69 kiloqram çəki dərəcələrində ilk üç yerin sahibləri “Rio-2016” Yay Olimpiya Oyunlarında iştirak etmək hüququ əldə edəcəklər.
Azərbaycan idman tarixində ilk dəfə olaraq boksçularımız dünya çempionatında 5 medala sahib olublar.