MƏDƏNİYYƏT
Azərbaycanın iki filmi İpək Yolu Beynəlxalq film festivalının mükafatına layiq görülüb VİDEO
Çin Xalq Respublikasının tarixi Sian şəhərində birinci Beynəlxalq İpək Yolu film Festivalı keçirilib. Azərbaycan istehsalı olan iki film festivalın mükafatına layiq görülüb.
Qədim İpək Yolu üzərində yerləşən ölkələr arasında mədəni əlaqələri genişləndirmək, xüsusən də kino istehsalı sahəsində əlaqələri dərinləşdirmək məqsədi daşıyan festivala 25 ölkədən 147 film təqdim olunub. Festival çərçivəsində film sənayesi sərgisi, müxtəlif forumlar təşkil edilib, filmlərə baxış olub.
Azərbaycandan festivala iki film təqdim olunub: bunlar “Axınla aşağı” və “Mayak” bədii filmləridir. Siandakı “Cinşa” kinoteatrında Azərbaycan filmlərinə baxış olub. Baxışdan əvvəl çıxış edənlər bilirdilər ki, bu cür tədbirlər ölkələr arasında mədəni əlaqələrin genişlənməsinə töhfə verməklə yanaşı, müvafiq sahədə birgə əməkdaşlıq üçün yeni imkanlar açır.
Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov ölkəmizin kino tarixi barədə məlumat verdi. Bildirdi ki, Azərbaycan ilə Çin arasında mədəni əlaqələrin möhkəmlənməsi xalqlarımızın bir-birini daha yaxından tanımasına kömək edəcəkdir.
Sonra “Axınla aşağı” filminin nümayişi olub. Quruluşçu rejissoru Asif Rüstəmov olan film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının istehsalıdır. Psixoloji ailə dramı olan filmdə əsas hadisələr Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində cərəyan edir. İdman məşqçisinin ailəsində baş verən faciə nəticəsində filmin qəhrəmanı onu əhatə edən insanlara, ümumiyyətlə, həyata yeni nəzərlə baxmağa başlayır.
Azərbaycan Dövlət Film Fondunun direktoru Rasim Salmanov tamaşaçıların film haqqındakı suallarını cavablandırıb.
Festivala təqdim olunan digər filmimiz - “Mayak” isə Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin məzunu Fariz Əhmədovun diplom işidir. Mədəniyyət və Turizm Nazirliyinin “Bu meydan, bu ekran-2011” müsabiqəsinin qalib kinolayihələrindən olan “Mayak” dramında mövzu ata-oğul münasibətidir.
Qeyd edək ki, münsiflər heyətinin qərarı ilə “Axınla aşağı” və “Mayak” filmləri festivalın mükafatına layiq görülüb.
Mükafatlandırma mərasimində dünya kino sənayesinin tanınmış simaları, Çin mərkəzi və yerli hökumətinin rəhbər şəxsləri, aktyorlar iştirak edib. Mərasimdə mükafatlar təqdim edilib və qədim İpək Yolu üzərində yerləşən ölkələrin kino sahəsində əməkdaşlığına dair birgə bəyannamə qəbul olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Sian