İDMAN


Azərbaycanın iki gənc güləşçisi dünya çempionatında qızıl medal uğrunda mübarizə aparacaq

Bakı, 14 noyabr, AZƏRTAC 

Buxarestdə keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatının ikinci günündə yunan-Roma güləşi üzrə beş pəhləvanımız mübarizəyə qoşulub. Onlardan üçü mübarizəyə təsnifat, ikisi isə səkkizdəbir final mərhələsindən başlayıb.

Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, 60 kiloqram çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov ilk mərhələdə Özbəkistan idmançısı İslamcan Bəhramova çətinlik çəkmədən qalib gəlib. Pəhləvanımız qırğızıstanlı rəqibi Rüstəm Teişovu mübarizədən kənarlaşdıraraq dörddəbir finala yüksəlib. Bu mərhələdə gürcüstanlı Dato Çxartişviliyə qalib gələn idmançımız yarımfinalda türkiyəli Kərəm Kamalı məğlubiyyətə uğradaraq finala yüksəlib. Bu gün axşam saatlarında keçiriləcək final görüşündə M.Məmmədov Yaponiya təmsilçisi ilə üz-üzə gələcək.

Təsnifat mərhələsində amerikalı Nolan Robert Bakeri məğlub edən Kərim Cəfərov (67 kq) daha sonra yaponiyalı Ryo Nakahaşini də vaxtından əvvəl üstələyib. K.Cəfərov qazaxıstanlı Meirzxan Şermaxanbet ilə gərgin keçən görüşdən qalib ayrılaraq adını yarımfinala yazdırıb. O, macarıstanlı Otto Losonşiyə də heç bir şans verməyib və finala çıxan ikinci güləşçimiz olub. K.Cəfərov noyabrın 14-də həlledici qarşılaşmada Misir təmsilçisi Məhəmməd İbrahim Əlsəyid ilə görüşəcək.

Orxan Nuriyev (97 kq) ilk görüşdə Macarıstan təmsilçisi Şolt Toeroekə müqavimət göstərə bilməyib. Ancaq rəqibin finala çıxması güləşçimizə bürünc medal uğrunda mübarizə aparmaq imkanı yaradıb. O.Nuriyev noyabrın 14-də ilk təsəlliverici görüşdə finlandiyalı həmkarı Matti Elias Kuosmanendən üstün olub. Güləşçimiz özbəkistanlı Teymur Mirzə Mamacanovu da mübarizədən kənarlaşdıraraq bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Bu mərhələdə onun rəqibi İran pəhləvanı Əli Əkbər Heydəri olacaq.

Digər idmançılarımız İslambek Dadov (72 kq) və Eltun Vəzirzadə (82 kq) çempionatı medalsız başa vurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.