REGİONLAR
Azərbaycanın ilk qadın reportyoru 82 ildən sonra Şuşa şəhərində ata evini ziyarət edib VİDEO
Şuşa, 11 mart, Tahir Ağaməmmədov, AZƏRTAC
Azərbaycanın ilk qadın reportyoru Məryəm Zöhrabova 82 ildən sonra doğulduğu Şuşa şəhərini, ata evini ziyarət edib.
Məryəm Zöhrabova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Şuşanın məşhur Zöhrabəyovlar nəslindəndir, tanınmış tacir Abbasqulu bəyin qızıdır. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra nəsil-soy adlarındakı “bəy” ifadəsindən məcburən imtina etməli olub. Abbasqulu bəyin evi müsadirə edilib, özü isə ailəsi ilə birlikdə Bakıya köçməli olub.
Məryəm xanım 82 il əvvəl doğma şəhəri Şuşanı, doğulduğu evi tərk etmələrini göz yaşı ilə xatırlayaraq deyib: “Burada doğulmuşam. Burada üç il məktəbə getmişəm. Sonra Ağdama köçməyə məcbur olduq. Ağdamda bibimgildə bir müddət yaşadıqdan sonra həmişəlik Bakıya getdik. Bəli, ötən əsrin qırxıncı ilində getdik. Bizə çox ağır idi. Təsəvvür edin, elə bir vəziyyətdə çıxmışıq ki, buranı viran qoymuşdular. Yanan samovarı üçüncü mərtəbədən atmışdılar ki, siz qolçomaqsınız. Hər mərtəbənin öz xalçaları var idi. O qədər xalça çətin tapılardı. O xalçaları, yorğan-döşəyə qədər, var-dövlətə qədər... Binanı yarı bölüblər. O gözəllikdə bina... Eyvanımızın divarlarına çəkilən rəsmləri heç yerdə görməmişəm. Əllərinə nə keçdisə, hamısını götürdülər”.
Orta təhsilini Bakıdakı 7 nömrəli məktəbdə davam etdirən Məryəm xanım sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Azərbaycan radiosunda redaktor vəzifəsində çalışıb. Azərbaycanın ilk qadın reportyoru olub.
Şuşanın işğaldan azad olunduğu gün yaşadığı sevinci Məryəm xanım belə ifadə edib: “O sevincin miqyası ölçüyəgəlməzdi. Bundan böyük sevinc olar? Elə bildim ki, üç qardaşımı yenidən həyata qaytardılar. Bu gün öz yurdumuza gəlmişik. Orada o qədər xoş, əziz xatirələr var ki, onları yada salmaqla qurtaran deyil. Qardaşlarım yadıma düşür. İlk müəllimimi, məktəbdə oxuduğum illəri, xidmətçilərin məni məktəbə aparıb-gətirdiyini xatırlayıram. Mən inanmazdım ki, deyərlər, bu sizin evinizdir. Allah Prezidentimizə cansağlığı versin, ömrü uzun olsun, həmişə qaliblər sırasında birinci olsun”.
Qeyd edək ki, Zöhrabəyovların evində 1940-cı ildən 1982-ci ilə kimi bir neçə ailə yaşayıb. Ev 1982-1992-ci illərdə rəsm qalereyası kimi fəaliyyət göstərib. Erməni işğalı dövründə isə Şuşadakı digər yerli memarlıq abidələri kimi Zöhrabəyovların evi də vandalizmə məruz qalıb.