SİYASƏT
Azərbaycanın inkişafının təməlində praqmatik daxili və xarici siyasət kursu dayanır
Gəncə, 15 oktyabr, Rauf Hacıyev, AZƏRTAC
2018-ci ilin 9 ayı Azərbaycan üçün uğurlu olub. Xüsusən, xarici siyasət sahəsində əldə edilən nailiyyətlər ölkəmizin beynəlxalq imicinin artması ilə yadda qalıb. Azərbaycan dünya miqyasında dinamik inkişaf tempinə malik olan ölkələr sırasında aparıcı yerlərdən birini tutub. Prezident İlham Əliyevin vurğuladığı kimi, “Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır”.
Sözsüz ki, müasir geosiyasi vəziyyətdə, siyasi çağırışların və xarici risklərin mövcud olduğu dövrdə müəyyən edilmiş siyasi hədəflərə çatmaq o qədər də asan deyil. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan praqmatik daxili və xarici siyasət kursu dayanır.
Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Milli Məclisin deputatı Pərvin Kərimzadə Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
P.Kərimzadə bildirib ki, son 9 ayda Azərbaycan beynəlxalq əlaqələrini daha da genişləndirib, regional və dünya miqyasında ölkəmizin milli maraqlarının effektiv şəkildə təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıb. Bu müddət ərzində ölkə başçısının 12 xarici ölkəyə səfəri, 15 dövlət və hökumət başçılarının Azərbaycana gəlməsi ölkəmizin xarici siyasətinin kifayət qədər düşünülmüş, dövlətin və xalqın maraqlarına layiqincə xidmət etdiyini göstərir.
İlk növbədə, qonşu ölkələrin rəhbərləri ilə çoxsaylı görüşlər, əldə olunan razılaşmalar bir tərəfdən ikitərəfli əlaqələri gücləndirir, digər tərəfdən regionda sabitliyin, əmin-amanlığın qorunmasına öz töhfəsini verir. Müsəlman ölkələri ilə münasibətlər də ölkəmizin xarici siyasətinin prioritet istiqamətlərindəndir. İslam dünyasında birliyin, həmrəyliyin möhkəmləndirilməsində Azərbaycanın atdığı uğurlu addımlar yüksək qiymətləndirilir.
Azərbaycan xarici siyasətinin aparıcı istiqamətlərindən biri də nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsidir. Cənub Qaz Dəhlizi Məşvərətçi Şurasının İclası, VI Bakı Qlobal Forumu, “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransı bunun bariz nümunədir. Bu da deməyə əsas verir ki, Prezident İlham Əliyev mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirir. Xalqımızın mənafeyini, müstəqil dövlətimizin inkişafını və perspektivlərini müəyyənləşdirən xarici siyasət strategiyasının uğurla həyata keçirilməsi ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb. Ölkəmiz bundan sonra da Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq aləmdə mövqeyini möhkəmləndirəcək, həm xarici, həm də daxili siyasətdə daha böyük uğurlara imza atacaq.