CƏMİYYƏT
Azərbaycanın innovasiya mütəxəssisləri işin dəyişən təbiətini müzakirə ediblər
Bakı, 18 iyun, Rauf Hacıyev, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Akselerator Laboratoriyası, “Tech.az” və “Next Step” İnnovasiya Mərkəzinin birgə təşəbbüsü ilə işin gələcəyi mövzusunda tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın özəl sektorundan və startap ekosistemindən 40-a yaxın mütəxəssis işin gələcəyi, əmək bazarının tələbləri, həmçinin daha dayanıqlı gələcək naminə tədris proqramlarının müasirləşdirilməsi və yeniliyin təşviqinin əhəmiyyəti ilə bağlı müzakirələrdə iştirak edib.
Tədbir zamanı “İşin dəyişən təbiəti” adlı yeni regional hesabat təqdim edilib. BMTİP-nin Azərbaycan, Bosniya və Herseqovina, Serbiya, Türkiyə, Ukrayna və Özbəkistandakı Akselerator laboratoriyaları tərəfindən hazırlanan hesabat, dəyişməkdə olan işin, ümumiyyətlə bu prosesin “harada, kim, necə və niyə” formalaşdığını göstərən 30 məqam haqqında məlumat verir.
Hesabatda COVID-19-un işçi qüvvəsinə təsiri, yeni iş modelləri və təşəbbüskar ekosistemlər kimi müxtəlif mövzular istiqamətində imkanlar və təhlükələr, eləcə də dünya miqyasında insanların üzləşdikləri çətinlikləri müsbət cavablara çevirə bilən həll yolları araşdırılıb.
Qeyd edək ki, BMT-nin İnkişaf Proqramının əsas məqsədi yoxsulluq, bərabərsizlik və iqlim dəyişikliyi ilə mübarizə aparmaqdır. İnkişaf Proqramı, 170 ölkədə müxtəlif mütəxəssis və tərəfdaşlardan ibarət geniş şəbəkə ilə birgə fəaliyyət göstərərək, planet və insanlar üçün hərtərəfli, dayanıqlı həllər üzərində çalışır.