İQTİSADİYYAT


Azərbaycanın innovasiyaları Belçikada keçirilən “ISSE 2017” beynəlxalq konfransında təqdim edilib

Bakı, 15 noyabr, AZƏRTAC

Noyabrın 14-15-də Belçikanın paytaxtı Brüsseldə Elektron İdentitet və Təhlükəsizlik üzrə Avropa Assosiasiyasının (EEMA) təşkilatçılığı, Avropa Komissiyasının dəstəyi ilə keçirilən XIX beynəlxalq konfrans və “ISSE 2017” (TheFuture of Digital Security and Trust) sərgisində Azərbaycanın innovasiyaları təqdim edilib.

“B.EST Solutions” şirkətindən AZƏRTAC-a bildirilib ki, elektron mühitdə informasiya təhlükəsizliyi məsələləri üzrə bu qabaqcıl Avropa fənlərarası müstəqil platformada etibarlı xidmətlər, elektron identitet, bulud və mobil təhlükəsizlik, böhranlı infrastrukturlar, gizliliyin idarə edilməsi və verilənlərin qorunması, biometrik əlavələr, tənzimləyici və hüquqi məsələlər və s. müzakirələrin əsas mövzularıdır.

Konfransın işində iştirak edən təşkilatların siyahısında “Microsoft”, “Deloitte”, “Mcafee”, “SAP”, “PwC”, “Deutsche Telekom”, “IBM” kimi dünya miqyasında tanınan şirkətlər, eləcə də Avropa Komissiyasının, ABŞ və Avropanın nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri yer alıb. Həmin sahələrdə ən aktual məsələləri müzakirə edən özəl sektor və dövlət təşkilatlarından olan dünya ekspertləri, novatorlar konfransın işində iştirak edir və gələcək proqram təminatlarının qurulacağı təhlükəsiz rəqəmsal identifikasiya təkamülü haqqında auditoriyanı məlumatlandırırlar.

“Asan İmza” mobil identitet və gücləndirilmiş elektron imzanın Azərbaycan mərkəzinin operatoru olan “B.EST Solutions” şirkətinin rəhbəri Yana Krimpe “ISSE 2017” konfransında “Mobil identitet – Rəqəmsal Ticarət Qovşağı və etibarlı elektron xidmətlər üçün təhlükəsizlik açarıdır” mövzusunda məruzə ilə çıxış edib. Bu məruzə vasitəsilə konfrans iştirakçıları “Asan İmza”, eləcə də innovativ dövlət startapı kimi Rəqəmsal Ticarət Qovşağı ilə tanış olublar. Bu gün “Asan İmza” mobil identitet və imza xidməti dövlət və özəl sektorun elektron xidmətlərinə hər yerdə və təhlükəsiz şəkildə əlyetərlilik imkanı təqdim edir və qanunvericilik səviyyəsində ümummilli identitetə bərabər tutulur. Konfrans iştirakçıları Azərbaycan Respublikasının Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən dövlət və özəl sektorla əməkdaşlıq prinsipi əsasında işlənib hazırlanan və “Made in Azerbaijan” innovativ məhsulu hesab edilən “Azexport.az” portalına “Asan İmza”nın inteqrasiyası da daxil olmaqla, innovativ Azərbaycanın son nailiyyətləri haqqında məlumat əldə ediblər.

Qeyd edək ki, bir il bundan əvvəl “B.EST Solutions” şirkəti Avropa ərazisində vahid rəqəmsal bazar konsepsiyasının inkişaf etdirilməsi məqsədilə öz üzvləri, dövlət təşkilatları və qanunvericilik strukturları arasında fəaliyyəti əlaqələndirən Avropanın nüfuzlu beyin mərkəzi və bu il konfransın rəsmi tərəfdaşı sayılan Elektron İdentitet və Təhlükəsizlik üzrə Avropa Assosiasiyasının (EEMA) üzvü seçilib. Assosiasiyanın üzvləri elektron identitetin idarə edilməsi, onlayn audentifikasiya, RFID, smart-kartlar və biometrik texnologiyalar və digər bu kimi sahələrdə qarşılıqlı əməkdaşlıq edirlər. Hər il assosiasiya bütün dünyadan qabaqcıl ekspertləri və innovatorları bir araya gətirən “Trust in Digital World” (TDW) və “Information Security Solutions Europe” (ISSE) konfransları kimi onlarca sahəvi tədbirləri təşkil edir və iştirakı təmin edir.

Elektron İdentitet və Təhlükəsizlik üzrə Avropa Assosiasiyasının (EEMA) sədri Con Şama oktyabrın 19-da Bakıda keçirilən “Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı - inkişaf perspektivləri” birinci beynəlxalq konfransında iştirak edərək, Rəqəmsal Ticarət Qovşağı layihəsində “Asan İmza”nın rolunu yüksək qiymətləndirib, eləcə də bu layihə çərçivəsində Azərbaycan ilə Avropa arasında transsərhəd elektron xidmətlərin inkişafı məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ilə “EIDAS” və “Future Trust” Avropa təşəbbüsləri arasında əməkdaşlığın üstünlüklərindən bəhs edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.