İQTİSADİYYAT


Azərbaycanın investisiya imkanları Buxarestdə geniş müzakirə olunub

Buxarest, 22 noyabr, AZƏRTAC

Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü, Rumıniyanın Sənaye və Ticarət Palatasının təşkilatçılığı, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Türkmənistanın bu ölkədəki diplomatik korpusunun əməkdaşlarının iştirakı ilə noyabrın 22-də Buxarestdə “Xəzər dənizi – Qara dəniz Forumu: Enerjidən başqa” (Caspian – Black Sea Forum: Beyond Energy) mövzusunda forum keçirilib.

AZƏRTAC xəbər verir ki, qeyri-neft sektorunda fəaliyyət göstərən 50-dən çox Rumıniya şirkətinin nümayəndələrinin iştirak etdiyi forumda yuxarıda adları çəkilən dörd ölkənin iqtisadiyyatı, sərmayə mühiti və layihələr, gömrük prosedurları, ticarət qanunvericiliyi, infrastruktur imkanları barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Tədbirdə Azərbaycanın investisiya imkanları barədə çıxış edən ölkəmizin Rumıniyadakı səfirliyinin əməkdaşı Fərid Məmmədov respublikamızda yaradılmış sənaye parkları, bu sahədəki müvafiq qanunvericilik və şərtlər, Azərbaycanın sənaye kataloqu, vergi qanunvericiliyi və gömrük sahəsində həyata keçirilən islahatlar, investisiya yatırılması üçün yaradılmış əlverişli şərait, dövlət əhəmiyyətli prioritet layihələr, eləcə də İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən nəşr edilmiş investisiya layihələri barədə işgüzar dairələrin nümayəndələrini məlumatlandırıb.

Ölkələrin iqtisadi imkanları barədə çıxışlardan sonra tədbir iştirakçılarının Azərbaycanla bağlı sualları cavablandırıldı. Bakı–Tbilisi–Qars dəmir yolunun və Ələtdə yerləşən liman kompleksinin texniki imkanları, region üçün əhəmiyyəti və beynəlxalq yüklərin daşınmasındakı rolu diqqətə çatdırılıb.

Daha sonra tədbir işgüzar dairələrin nümayəndələri ilə fərdi görüşlər formatında davam edib. Azərbaycan nümayəndələri ilə şirkət nümayəndələri arasında keçirilmiş 20-yə yaxın görüşdə ölkəmizin xarici bazara çıxara biləcəyi məhsullar və aparıcı şirkətləri, eləcə də xarici tərəfdaşlar üçün maraq doğura biləcək layihələr barədə məlumat verilib.

Bununla yanaşı, ölkəmizdə yaradılan sənaye parkları, əczaçılıq sahəsi ilə bağlı görülən işlər barədə məlumatların əks olunduğu “Azərbaycan sənayesi: şirkətlər və məhsullar” və “Azərbaycanda istehsal olunub” adlı kataloqlar Rumıniyanın işgüzar dairələrinin nümayəndələrinə paylandı.

Tədbir barədə Rumıniyanın Sənaye və Ticarət Palatası tərəfindən verilən geniş mətbuat açıqlaması AGERPRES milli xəbər agentliyinin internet səhifəsində yerləşdirilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.